Vsevolod Çaplin: Azərbaycan və Rusiyanın siyasi iradəsi var, Ermənistanın yoxdur

13:33 | 23 Oktyabr, 2019

Nikol Paşinyan sayəsində hər zaman Ermənistanda çoxlu hadisələr baş verir. Bunlardan biri də qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı normaları özündə cəmləşdirən İstanbul Konvensiyasının ratifikasiyasıdır.

Ancaq daha əhəmiyyətlisi bu sənəddə “gender ideologiyası” ilə bağlı müddəaların ehtiva olunmasıdır və Ermənistanda hesab edirlər ki, bu, kişilərlə qadınlar arasındakı bioloji fərqlərin inkarına məcbur edəcək. Burada, misal üçün, eynicinslilərin nikahı nəzərdə tutulur.

İş Venesiya Komissiyasına çatdı. Burada İstanbul Konvensiyasının Ermənistan Respublikasının Konstitusiyasına zidd müddəaların olmadığını bildirdi.

“Sputnik-Ermənistan” agentliyinin xəbər verdiyi kimi, erməni cəmiyyətində müzakirə o qədər sərt olub ki, hətta öz əməkdaşlarının davranışlarından narazı olan Baş nazir Paşinyanın komandası parçalanıb.

Bundan əlavə, Yerevanda Azərbaycan və Rusiya bu sənədi imzalamayan ölkələr kimi göstərilib. Paşinyan belə edə biləcək? Çətin ki… Ermənistan mediasında konvensiyanın ratifikasiya edilməsinə cavab olaraq Yerevana maliyyə yardımı göstəriləcəyi mövzusu çoxdan müzakirə olunur. İnanmaq çətindir, amma suda boğulan saman çöpündən yapışır.

Əlbəttə ki, gender problemləri hər yerdə ciddi şəkildə müzakirə olunur. Ancaq bir çox nüans var. Erməni KİV psixiatr, Bolqarıstan parlamentinin keçmiş deputatı Nikolay Mixaylovdan sitat gətirir:

“İstanbul Konvensiyası ikiqatlı çamadandır. Yuxarıda – mübahisəsiz, aşağıda – əlavə sifarişlər, öhdəliklər və nəzarət… Yuxarıda QHT, aşağıda monitorinq edən orqandır. Bütün bunların arxasında ideologiya dayanır. Konvensiya “əlavə” mənaları təmin edən konseptual çərçivə ilə yazılıb.

“Gender” buqələmun kəlməsidir. Üçüncü cinsin ideologiyası assosiasiyası və qlobal cinsi inqilablar oxucuların deyil, yazıçıların düşüncələrindədir. Tərcümədə dolaşmadıq, biz tələdəyik”.

Ümumi mövqe budur ki, İstanbul Konvensiyası Ermənistanda ənənəvi dəyərlərə qəsd kimi qəbul olunur. Erməni Apostol Kilsəsi (EAK) iyul ayında Ermənistan hakimiyyətini qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və mübarizəsi mövzusunda Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməkdən çəkinməyə çağırıb. Düzdür, o zaman EAK-ın etiraz fəaliyyəti, demək olar ki, puç oldu.

Bununla yanaşı, Nikol Paşinyan artıq Avropanı Ermənistanın İstanbul Konvensiyasını ratifikasiya edəcəyinə inandıra bilib.

Rusiyanın tanınmış ictimai və din xadimi Vsevolod Çaplin Media.Az-a müsahibəsində fikirlərini bölüşüb:

– Bu yaxınlarda Moskvada İctimai Palatada (Rusiyada məsləhətçi orqanı – red.) bu mövzunu müzakirə etdik. Bizdə gender ideologiyasına, ailənin dağıdılmasına yönəlmiş qanunlara qarşı ciddi hərəkətlər kifayət qədərdir.

Psixoloji, iqtisadi zorakılıq məsələlərindən danışılır. Praktiki olaraq bütün ölkə əhalisini cinayət maddəsi ilə itttiham etmək olar. Arvad və ər, valideynlər və uşaqlar arasında mübahisələr və münaqişələr tez-tez baş verir. Beləliklə, bütün bu tendensiyalar İstanbul Konvensiyası ilə əlaqəlidir. Mənə elə gəlir ki, bu, Yerin əhalisini azaltmaq məqsədi daşıyır.

Ailəni insanların əziyyət və əzab çəkdiyi dəhşətli yer kimi qələmə verirlər. Eqoizm ideyaları yetişdirilir. Bu təsadüfi deyil, çünki bu cür fikirlər, məsələn, Soros Fondu tərəfindən təbliğ olunur. Mən təəccüblənmirəm. Əhali artımını məhdudlaşdırmaq üçün uzun və çətin işlər davam edir.

Ancaq ölkə gərginləşdirici amillərin təsiri altına düşdüyü – qərarlar küçədəki izdihamlı kütlə tərəfindən və ya Qərb səfirlikləri tərəfindən qəbul edildiyi zaman dövlət xarici təsirlərə həssas olur.

Ermənistandakı son hadisələrdən sonra gördüklərimizin baş verməsi məntiqlidir. Kütlə də, səfirlik də ciddi rol oynayırdı. Beləliklə, Ermənistanda həssaslıq artıb. Əsl siyasi müstəqillik olmadan Yerevanın müqavimət göstərməsi o qədər də asan olmayacaq.

– Lakin Rusiya və Azərbaycan konvensiyanı imzalamaqdan imtina ediblər. Və erməni analitiklər bu faktı öz hakimiyyətlərinə nümunə göstəriblər. Erməni Apostol Kilsəsi isə Nikol Paşinyan hökumətinin niyyətini pisləsə də, fəallıq göstərməyib.

– Erməni kilsəsi bu gün xeyli dərəcədə məhdudlaşıb. Çətinliklər məlum siyasi hadisələrdən sonra etiraz hərəkatı meydana çıxdıqdan sonra ortaya çıxıb. Bəlkə də, bundan sonra “aydan arı, sudan duru” oturmaq taktikası qəbul edilib. Əlbəttə, bu, təəssüfləndiricidir. Ancaq Rusiya və Azərbaycanın siyasi iradəsi var. Ümid edirəm ki, xarici müşavirləri deyil, xalqlarımızı dinləyəcəyik.