Ət məsələsi Milli Məclisə çıxarılır – Qiymətlər ucuzlaşacaq

16:25 | 23 Oktyabr, 2019

Xəbər verdiyimiz kimi,  Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək. 

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı  2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının  2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur. Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, ətin ƏDV vergisindən azad olunması ilə qiymətlərdə azalma olacağını bildirib:

“Əslində ətin ƏDV-dən (əlavə dəyər vergisi) azad olunması daha çox idxal – ölkəyə daxil olan məhsullara aid  ediləcək. Çünki əlavə dəyər vergisi gömrükdə gömrük rüsumu ilə birlikdə  rəsmiləşdirilir. Son zamanlar xaricdən gətirilən ətin həcmində sürətlə artım müşahidə olunur. Ona görə də ətin ƏDV-dən azad olunması ölkəyə daxil olan məhsulun qiymətinə də təsir göstərəcək və təqribən 10-15 faiz azalma müşahidə olunacaq.

Amma idxal olunan ətlərin əsas istehlakı daha çox dövlət sifarişlərinin yerinə yetirilməsi, kolbasa istehsalı, elit restoranların xaricdən gətirdiyi  müxtəlif növ ət və ət məhsullarına məxsusdur və daha çox onların qiymətinə təsir göstərəcək.  Gündəlik tələbat üçün vətəndaşların istehlak etdiyi ətin böyük əksəriyyəti  yerli məhsullardır. Çünki həm ağız dadımıza, həm də əhalinin davranış  qaydalarına uyğundur. Yerli ətin satışı  kiçik mağazalarda, kiçik qəssab dükanlarında həyata keçirilir ki, onların da böyük əksəriyyəti ƏDV ödəyicisi deyil və çoxu fiziki şəxslər kimi fəaliyyət göstərirlər. Onlar kiçik sahibkarlar kimi vergi ödəyirlər. Ona görə də həmin ətlərin qiymətinə o qədər də təsir edəcəyini düşünmürəm. Amma ümumilikdə idxalın 18 faiz ƏDV-dən azad olunması bazarda dəngənin yaranmasına, qiymətlərin sabitləşməsinə və cüzi də olsa, ucuzlaşmasına səbəb ola bilər. Lakin, yerli vətəndaşların öz istehlak etdiyi ətin qiymətində  nəzərəçarpacaq dəyişikliklərin  olacağını düşünmürəm”.

İqtisadçı heyvan və quş yemlərinin əlavə dəyər vergisindən (ƏDV ) azad edilməsinin qiymət azalmasına təsir edəcəyini deyib:

“Bu daha ciddi məsələdir və  qiymət azalmasına təsir edə bilər. Çünki son illər yem bazasının azalması müşahidə olunur. Azərbaycanda kənd təsərrüfatının istehsalının artımı, əsasən də, pambıqçılığın geniş yayılmasının fəsadlarından biri yem bazasının azalmasıdır. Daha çox örüşlərdə, ənənəvi yem istehsal edən sahələrdə də kənd təsərrüfatı məhsullarının, texniki bitkilərin əkilməsi yem bazasını xeyli zəiflətdi. Buna  görə  də son 3 ildə ət qiymətlərinin artmasını müşahidə edirdik.

Əgər bu addım atılsa,  xaricdən gələn yem məhsullarının ƏDV-dən azad edilməsi qəbul olunarsa, bunun qiymətə təsiri daha çox ola bilər. Ətin qiymətində ən azı 1-1.50 manata yaxın  azalma müşahidə edə bilərik. Bununla paralel, ət məhsullarının istehsalının  da artması lazımdır. Hələ ki, biz istehsalda kəskin artım müşahidə etmirik. İstehlak isə artır çünki həm əhali artır, həm də  ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur, bu  da ət istehlakını artırır. Ona görə də paralel olaraq istehsal da artmalıdır ki, qiymətlərdə müəyyən dəngə yaransın və qiymətlərin bahalaşmasının önünə keçə biləcək iqtisadi addımlar atılsın”.