İqtisadiyyat Nazirliyinin yeni forması fiskal siyasətin təsirliyini artıracaq– İqtisadçı ekspert

18:21 | 26 Oktyabr, 2019

Fiskal (maliyyə)siyasət hökumətlərin, vergi, dövlət xərcləri, büdcə, borc və borcidarəetmə kimi maliyyə alətlərindən istifadə etməklə ümumi iqtisadiyyata təsir göstərə biləcək bütün iqtisadi fəaliyyətlərin cəmidir.

Fiskal siyasət hökumətin , milli gəlir, işsizlik, inflyasiya və bu kimi müəyyən makroiqtisadi hədəflərə çatmaq üçün toplanmış gəlir və xərclər barədə qərarlarında yaratdığı büdcədəki dəyişikliklərin təsirindən yaranır.

Günümüzdə, fiskal siyasətdən cavabdeh olan orqanlar Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi kimi qurumlardır. Monetar (pul) siyasətin əksinə müstəqil olmaması, hökümət qərarlarına görə formalaşması və  siyasi hakimiyyətin məsuliyyət daşıması, birdən çox orqan tərəfindən həyata keçirilməsi – kimi nüanslar, fiskal siyasəti monetar siyasətdən fərqləndirən başlıca qeyri-instrumental xüsusiyyətləridir.

İqtisadiyyatın qarşısına qoyulan makroiqtisadi hədəflərə çatılmasında və ya hər hansı gözlənilməz konyoktural dəyişmədə tətbiqedilən daraldıcı və ya genişlədici fiskal və monetar siyasətin effektivliyini azaldan başlıca xüsusiyyətlər; vaxt tutarsızlığı və siyasəti icra edən qurumlar arasındaki koordinasiya problemidir. Sadəcə siyasət baxımından dəyərləndirsək , bu siyasəti həyata keçirilməsində birdən çox qurumun iştirak etməsi, icra edilən fiskal siyasətin effektivliyini azaldır. Belə ki, gəlirlər ,xərclər, subsidiya, özəlləştirmə kimi fiskal siyasətin instruməntlərinin ayrı-ayrı orqanlar tərəfindən həyata keçirilməsi, fiskal siyasətin effektivliyini ; zaman, koordinasiya, açıqlıq, audit – kimi faktorlara görə zəiflədir.

Dünya praktikasında son illər fiskal siyasətin effektivliyinin artırılması məqsədi ilə keçilmiş olan “super nazirlik” modeli , yuxarıda sadalanan problemlərin fiskal siyasətin effektivliyinə olan təsirlərini azaldıb. Belə ki, ölkəmizdə də Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi vəAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ləğv edilərək, İqtisadiyyat Nazirliyinin strukturlarına daxil edilməsi, beynəlxalq praktikada mövcud olan “super nazirlik” modelinin bir nümunəsidir. Əsaslı islahatların aparıldığı bu dönəmdə, nazirliyin genişləməsi islahatların ümumi məqsədi olan sosial rifah üzərində bir başa təsiri olan fiskal siyasətin effektivliyini artıracaq.

Cavid SÜLEYMANLI

İqtisadçı-Ekspert

Mövzunu Facebookda şərh et