“Radikal müxalifət xalq tərəfindən boykot olunub”-MİLLƏT VƏKİLİ

06:21 | 29 Oktyabr, 2019

“Radikal müxalifətin qanunsuz aksiyaların keçirilməsi üçün belə bir zaman kəsimini seçməsi təsadüfi deyil. Qanunauyğun formada etiraz aksiyasının keçirilməsi üçün müvafiq yerin ayrılmasına baxmayaraq, radikal müxalifətin icazəsiz aksiyaya cəhd etməsi və öz qanuni vəzifəsini yerinə yetirən polislə süni qarşıdurmanın yaradılması konkret məqsədlərə hesablanmış addımdır”.

Bu sözləri Milli Məclisin deputatı, professor Jalə Əliyeva Editor.az-a açıqlamasında özünü Milli Şura adlandıran qurum tərəfindən Bakıda qanunsuz aksiyaların keçirilməsi cəhdlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycan hər ötən gün dünya siyasətində olan rolunu və gücünü artırır: “Artıq ölkəmiz dünya siyasətinin əsas aktorlarından birinə çevrilib. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin keçirilməsi, Hərəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Bundan başqa Cənab Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu və Aşqabadda MDB dövlət başçıları Şurasının iclasında Ermənistanın işğal və faşizm siyasətini qətiyyətlə ifşa etməsi bütün dünyada böyük əks-sədaya səbəb oldu. Şübhəsiz ki, ölkəmizin müstəqil və milli maraqlarımıza xidmət edən siyasəti Azərbaycanın düşmən mövqedə olan dairələri ciddi şəkildə narahat edir. Onlar müxtəlif formalarda Azərbaycana təzyiq etməyə, ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər”.

Millət vəkili qeyd edib ki, qanunla müəyyən olunmuş yerlərdə mitinq keçirməkdən imtina edərək, qanunsuz etiraz aksiyalarına cəhd göstərən radikal müxalifət xalq tərəfindən boykot olunub: “Şübhəsiz ki, sərbəst toplaşmaq azadlığı hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Azərbaycan dövləti də hər zaman bu hüququn reallaşması üçün qanunla müvafiq qaydada şərait yaradıb. Ancaq bu hüquqdan sui-istifadə edərək qanunsuz aksiyalar təşkil etməyə çalışmaq, digər vətəndaşların hüquqlarını kobud şəkildə pozmaq yolverilməzdir və radikalların öz mövcudluğunu qorumaq cəhdindən başqa bir şey deyil”.

Deputat deyib ki, bütün bu baş verənlər Azərbaycanın inkişafını həzm edə bilməyən dairələrin ölkəmizi qarışdırmaq planının tərkib hissəsidir: “Lakin Azərbaycan xalqının mövqeyi aydın və dəyişməzdir. Xalqımız Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlar siyasətini dəstəkləyir”.

//Editor.az