Salyandakı qətlin TƏFƏRRÜATLARI: Arvadını öldürən kişi özünü və tanışını da bıçaqlayıb

15:59 | 1 Noyabr, 2019

Salyan rayonunda qadının qətlə yetirilməsinin təərrüatları məlum olub.

Hadisəni törədən şəxs narkotik maddə aludəçisi olub.

Qətl hadisəsi bu gün Salyan şəhər Mirbağırağa küçəsində baş verib. Həmin küçədə yaşayan, Salyan şəhər sakini Nahid Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı, şəhər sakini İlahə Hüseynovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

İlkin məlumata görə, son vaxtlar Hüseynovlar ailəsində ailədaxili münaqişə yaşanırmış.

Noyabrın 1-də günorta saatlarında Nahid həyat yoldaşı İlahə Hüseynova ilə yenidən mübahisə edib. Mübahisə nəticəsində o üzərində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Hadisədən sonra N.Hüseynov şəhərin Yunis Zərgərli küçəsilə hərəkət edərkən tanışı, Salyan şəhər sakini, 39 yaşlı Zaur Sadıqovla rastlaşıb. N.Hüseynov Z.Sadıqova da bir neçə bıçaq zərbəsi endirib. Daha sonra o həmin bıçaqla öz qollarında damarlarını doğrayıb.

Yaralı Zaur Sadıqov və Nahid Hüseynov Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

N.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra o polisə təhvil verilib və şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən İ.Hüseynova 3 azyaşlı uşaq anasıdır.

 

Salyan rayonunda qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, noyabrın 1-i saat 12 radələrində Salyan rayonu ərazisində 1983-cu il təvəllüdlü İlahə Hüseynovanın üzərində bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. N.Hüseynov qətlə yetirilən İ.Hüseynovanın həyat yoldaşıdır.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

//Trend