“Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri olması…” – Deputat

02:20 | 2 Noyabr, 2019

“Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri təyin olunması Azərbaycan ictimai-siyasi həyatında yeni bir eranın başlanğıcıdır”.

Editor.az xəbər verir ki, bunu “Report”a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, bu, dövlət idarəetmə sistemində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsidir:

“Samir Nuriyev qısa bir zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin imicini müsbətə doğru dəyişdirməyə nail oldu, prosesləri bilən, ziyalı bir insandır. Hesab edirəm ki, Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunması xalqımız üçün uğurlu olacaq”.

N.Məhəməliyev bildirib ki, dövlət idarəetmə sistemində, yerli icra hakimiyyətləri orqanlarında və digər dövlət strukturlarında mövcud olan neqativ halların qarşısı alınacaq, yeni təyinat məmur-vətəndaş münasibətlərinin tənzimlənməsində öz sözünü deyəcək: “Samir Nuriyevin təyinatı vətəndaş məmnunluğunun təmin olunmasında böyük rol oynayacaq. Yəni artıq yeni baxışlar, yeni yanaşma, şəffaflıq baxımından çox böyük nailiyyətlər olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.