“Ermənistan rəhbərliyini yandırıb-yaxan budur” – Deputat

03:45 | 2 Noyabr, 2019

“Bu sənəd Ermənistanı beynəlxalq aləmdə küncə sıxışdırdı”

“Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü öz işini yüksək səviyyədə başa vurdu və yekunda 4 sənəd qəbul olundu. Bunlar Bakı Yekun Sənədi, Bakı Siyasi Bəyannaməsi, Fələstin Bəyannaməsi və Azərbaycan hökuməti və xalqına təşəkkür və Həmrəylik sənədidir. Yekun sənədlər Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən təsdiqlənməsi Ermənistanın 120 ölkə tərəfindən rəsmən işğalçı dövlət kimi tanınması deməkdir. Bu sənədlərin imzalanması Ermənistanda ciddi təşvişə səbəb olub”.

Bunu Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Xalq qəzeti”nə açıqlamasında Zirvə Görüşünün əhəmiyyətindən danışarkən bildirib.

Deputat deyib ki, ümumiyyətlə, ölkəmizdə beynəlxalq təşkilatların, həmçinin dünya miqyaslı idman tədbirlərinin keçirilməsinin çox böyük əhəmiyyəti var:

“Həmin tədbirlərə dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndə, turist gəlir və əsl həqiqətlərin, ölkəmizin sabitlik məkanına çevrildiyinin canlı şahidi olurlar. Bu baxımdan, BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi diplomatik qələbə kimi dəyərləndirilməlidir”.

Çingiz Qənizadə bildirib ki, QH-nin üzv dövlətlərinin hamısının imzaladığı yekun sənədi Ermənistanı beynəlxalq aləmdə bir küncə sıxışdırdı:

“120 dövlət tərəfindən Ermənistanın birmənalı işğalçı adlandırılması, qaçqın və məcburi köçkünlərin ləyaqətli şəkildə qayıdışının təmin olunmasına şəraitin yaradılmasının yekun sənədində öz əksini tapması işğalçı ölkədə ciddi narahatlıq yaradıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin 28 oktyabr 2019- cu il tarixli bəyanatı da təsdiqlədi. Hesab edirəm ki, bu bəyanat uğursuz erməni xarici siyasətinin acizliyinin nəticəsidir. İşğalçı ölkə tərəfindən yayılan bu bəyanat diplomatik tərzə qətiyyən uyğun gəlmir. Ermənistan rəhbərliyinin bu bəyanatla təlaş keçirdiyi özünü açıq şəkildə büruzə verdi”.

Parlamentari qeyd edib ki, zirvə görüşündə yekun sənədlərin imzalanmasından sonra çaşqın vəziyyətə düşən Ermənistan rəhbərliyinin sənədləri imzalayan üzv dövlələtləri məsuliyyətsizlikdə ittiham etməsi və hörmətsiz davranış göstərməsi siyasi səbatsızlığın və dövlət idarəçiliyindəki naşılığın əlamətidir:

“Meydandan birabaşa hakimiyyətə gəlmiş Nikol Paşinyandan və onun komandasından bundan artıq nə gözləmək olardı? Onsuz da Ermənistana rəhbərlik edənlərin hamısı daim beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstəriblər. Onların davamçısı olan Nikol Paşinyan mədəniyyətsiz davranışında, siyasi hadisələrdən baş çıxarmamaqda, beynəlxalq hüquqa sayqısızlıq göstərməkdə bir qədər də irəli gedib. Bu, onların xislətindən irəli gəlir. Bu adam beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq münasibətlərdə sivil davranış qaydalarını hələ də öyrənməyib. Ona görə də küçə uşaqları kimi, Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə edir”.

Deputatın sözlərinə görə, zirvə görüşündə qəbul olunan yekun sənədinin işğalçı ölkəni ciddi narahat etməsinin əsas səbəbi bundan sonra Ermənistanın beynəlxalq manevr imkanlarının məhdudlaşdırılması, ikitərəfli əməkdaşlığın xeyli çətinləşəcəyinin, qondarma soyqırımından istifadə edərək oyunlar qurmaq imkanlarının qarşısının alınmasıdır:

“Ermənistan rəhbərliyi bunu çox yaxşı dərk edir. Əgər 120 dövlət yekdil qaydada Ermənistanın işğalçı ölkə olduğunu rəsmən təsdiqləyirsə, deməli, bu ölkədə demokratiyadan , sivil qaydalardan və hüquq prinsiplərindən danışmağa dəyməz. Bax, Ermənistan rəhbərliyini yandırıb-yaxan da budur”.

Mövzunu Facebookda şərh et