“Bayraqdar” intellektual oyunu keçirilib-ŞƏKİDƏ

23:25 | 7 Noyabr, 2019

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Şəki şəhərində keçirilən “Bayraqdar” intellektual oyununda gənclər dövlət rəmzləri və milli-mənəvi dəyərlərimizə olan sevgi və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Gənclər və İdman Nazirliyinin dəstəyi və nazirliyin yerli idarəsinin təşkilatçılığı ilə keçirilən intellektual oyuna 100-dən çox gənc və könüllü qatılıb.

Şəhər Gənclər və İdman İdarəsindən Editor.az-a bildiriblər ki, tədbir çərçivəsində iştirakçılar dövlət rəmzləri, Şəkinin tarixi, mədəni irsi və digər məsələlərə dair verilmiş sualları şəhərin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi məkanlarda axtarıb tapıb, oradakı bayrağı götürərək mərkəzi məkanda onları gözləyən aparıcıya sualın cavabı ilə birlikdə təqdim ediblər. Tədbirin sonunda fləşmob və əyləncəli oyunlar olub.

Sonda qalib komandaya kubok, oyunun bütün iştirakçılarına isə diplomlar təqdim edilib.