Tələbələrin yataqxana probleminin həlli: Özəl “kampus”lar tikilsin – TƏKLİF

03:39 | 9 Noyabr, 2019
İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Milli Məclisin komitə iclasında tələbələr üçün nəzərdə tutulan mövcud yataqxanaların yararsız olduğunu deyib. Ombudsman rələbə yataqxanalarının inşasının vacibliyini önə çəkərək qeyd edib ki, problem qısa zamanda həllini tapmalıdır.
Tələbələrin ən ciddi problemlərindən biri olan məsələnin həlli üçün millət vəkili Qənirə Paşayeva da məsələ qaldırıb. Xanım deputat deyib ki, tələbələr üçün yeni və müasir yataqxanaların tikilməsi son dərəcə vacibdir.

Kamran Əsədov: “Həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur”

Yataqxana probleminin həlli yollarından danışan təhsil eksperti Kamran Əsədov Sherg.az-a deyib ki, uzun illərdir, tələbələr yataqxana və kirayə ev məsələsinə görə əziyyət çəkirlər:
“Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdirib. Lakin yataqxanaya ehtiyac böyükdür. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Məsələ burasındadır ki, dövlətin təhsil siyasəti təkcə bir istiqamətlə məhdudlaşmamalıdır. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə kifayətlənmir. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi köçkünlər yerləşdirildi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı”.

“Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir gələ bilər”

Təhsil ekspertinin fikrincə, yataqxana problemi həll olunsa ali məktəblərimiz dünya reytinqində xeyli irəliyə gedə bilər:
“Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu, ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. “Kampus” şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Gərək dövlət də bu işdə onlara kömək olsun. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapar. Vacib bir məqamı qeyd edim ki, yataqxana problemi həll olunsa, Azərbaycan Universitetləri dünyanın ən yaxşı 300 ali təhsil müəssisəsi sırasına daxil ola bilər. Azərbaycan Universitetləri hazırda dünyanın ən yaxşı 2000 universiteti sırasındadır. Ali təhsil müəssisəsinin reytinqində yataqxana 30 faiz qiymət verilən yerdir və Azərbaycan Universitetləri bu reytinq siyahısına yalnız təhsili ilə daxil olub. Azərbaycan Universitetlərinin tələbə yataqxanasının olmaması xaricdən gələn tələbələrə də təsir göstərir. Hər bir tələbə təhsil üçün bir şəhərə gedəndə, təbii ki, yataqxanası olan universiteti seçir. Beləcə, yataqxananın olmaması ucbatından hər il Azərbaycan Universitetləri onlara müraciət edəcək nə qədər tələbəni itirir. Universitetin büdcəsi bu maliyəni qarşılamağa imkan verməsə də, özəl sektoru cəlb etməklə konkret məsələni həll etmək olar. İndiyə qədər yataqxana probleminin həll olunmaması bu işi görməli olanların məsələyə səhlənkar yanaşdıqlarını göstərir”.