Elmar Məmmədyarov: “Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platformalarından biri hesab edir”

19:15 | 10 Noyabr, 2019

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını (İƏT) böyük qonşuluğunda regional əməkdaşlığın vacib platformalarından biri hesab edir. Biz, şübhəsiz ki, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz bunu siyasi cəhətdən edirik, çünki bu bizim siyasi iradəmizdir”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.

Nazir bildirib ki, güclü bir siyasi iradəyə sahib olmaqla məqsədyönlü layihələr və əməli nəticələr təşkilat daxilində prioritet olmalıdır: “Fikrimizcə, bölgənin ölçülə bilən nəticələrinə və müqayisəli üstünlüklərinə əsaslanaraq əməkdaşlıq üçün prioritet sahələrin qısa siyahısına ehtiyac var. Ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm əməkdaşlığımızın əsas maraq dairələridir və İƏT daxilindəki istənilən təşəbbüs və layihələr daha dərin regional qarşılıqlı əlaqə ideyasına xidmət edə bilər”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan regional və bölgələrarası təşəbbüslərdə fəal iştirak etməklə bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir.