Sumqayıtın xanım təhsil müdirinin Türkiyə səyahəti-Məktəb direktorlarının Trabzon səfərində nələr yaşanıb?

08:04 | 12 Noyabr, 2019

Bu günlərdə Sumqayıt təhsil sistemində baş verən qanunsuzluqlar, şəhər təhsil şöbəsinin rəhbəri Arzu Alızadənin uğursuz fəaliyyəti ilə bağlı yazı dərc etmişdik. Bu günlərdə baş vermiş bir olay Aztoday.az olaraq yazdıqlarımızı təsdiqləməkdədir. Bildirək ki, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadənin başçılıq etdiyi və məktəb direktorlarından ibarət nümayəndə heyəti 2 -5 noyabr tarixlərində Türkiyənin Trabzon şəhərində səfərdə olublar. Səfər Sumqayıt şəhəri 11 nömrəli məktəbinin “81 ilde Şanlı Bayrağımız” layihəsi çərçivəsində baş tutub. Nümayəndə heyəti Trabzon şəhərinin Mahmud Celaleddin Ökten adına Anadolu İmam Hatip Liseyinin dəvəti ilə “Bayraq dizaynı” sərgisində iştirak edib.

Türkiyə səfərində Sumqayıt Təhsil şöbəsinin müdiri ilə yanaşı, Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru İlahə Həsənli, “Təfəkkür” liseyinin direktoru Qönçə Səftərova, 1 nömrəli məktəbin direktoru Kəmalə Hüseynova, 26 nömrəli məktəbin direktoru Tərlanə Nağıyeva, 13 nömrəli məktəbin direktoru Qədir Mikayılov, 41 nömrəli məktəbin direktoru Leyla Əliyeva, 21 nömrəli məktəbin direktoru Vladim İbrahimov iştirak edib. İlk baxışda sıradan bir tədbir kimi görünən bu olayla bağlı Aztoday.az olaraq maraqlı məqamları üzə çıxarmışıq.

Əvvəla bildirək ki, Sumqayıt və Trabzon şəhərləri arasında əlaqələr kimi təqdim olunan bu tədbir əslində qrup və ailə maraqlarına xidmət edib. Belə ki, “seçilib” qardaş ölkəyə səfər edən heyət təhsil şöbəsinin müdiri Arzu Alızadənin yaxın çevrəsidir ki, bu qrupun Sumqayıt təhsilini monopoliyada saxlaması artıq şəhərin pedoqoji kollektivində ciddi narazılıqlar yaradıb. Digər bir tərəfdən məktəb direktorlarını müşayət edən şəhər məktəblilərinin tərkibi də maraqlıdır.

Belə ki, daxil olan məlumata görə gedən hər üç şagird elə “seçilən”lərin öz övladlarıdır. Belə çıxır ki, on minlərlə Sumqayıt məktəbliləri arasında bu şərəfə layiq olanlar ancaq məktəb direktorlarının balaları ola bilərdi.

Sözügedən səfərlə bağlı diqqət çəkən məqamlardan biri də siyasi xarakter daşıyır. Belə ki, səfər ölkədə bələdiyyə seçkilərinə start verildiyi vaxta təsadüf edir. Hörmətli Arzu müəllimənin nümayəndə heyətinin tərkibində isə məntəqə sədrləri var. Belə ki, Türkiyə səfərində olan direktorların hamısı həm də məntəqə sədrləridir. Həmin dönəmdə seçicilərə bildirişlərin hazırlanması ilə məşğul olmalı olan şəxslərin mütləq bu səfərdə iştirakını şəhərin təhsil şefinin seçimi öz qrupu daxilində etməsi fikrini təsdiqləyir.

Yeri gəlmişkən onu da bildirək ki, 13 saylı məktəbin direktoru Qədir Mikayılov Türkiyə səyahətində olarkən məktəbin bir qrup valideyni Təhsil nazirliyinə məktəbdə baş verənlər və kütləvi pul yığımları ilə bağlı şikayət ediblər. Bu şikayətin araşdırması zamanı isə məlum olub ki, Arzu Alızadə Sumqayıt təhsilində yeni ənənə yaradıb və burda şagirdlərdən aylıq yox illik pul yığılır. Bununla bağlı daxil olan məlumata görə yaranmış problemin həlli üçün Təhsil Şöbəsi müdirinin müavini Ramin Abbasov Şəhər İcra Hakimiyyətindəki himayədarı Gündüz Əliyevin yardımına müraciət edib.

Son olaraq Sumqayıtdan Trabzona gedən şəxslərin tədbirdə təqdim etdiyi əzik Azərbaycan bayrağını diqqətinizə çatdırırıq:

//Aztoday.az