“Azercell” Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!
Rəqəmsal dünyanı Azercell ilə yarat! – Ölkənin lider mobil operatoru Azərbaycanı yeni bağlantı erasına yüksəltmək vədinə sadiq olduğunu nümayiş etdirir! Ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq!
Azercell özünün daimi tərəfdaşı – Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alındı.
5G şəbəkəsinin demo istifadəsi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq!
Dekabr ayından etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.
Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması
minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaqdır.
Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alındı. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.