Cəbrayılov məhkəməyə gəlməkdən imtina etdi

16:36 | 13 Noyabr, 2019

Borclu olduğu şəxs tərəfindən məhkəməyə verilən keçmiş deputat Rafael Cəbrayılov prosesə qatılmaqdan imtina edib. Bu barədə Yenisabah.az-a daxil olan məlumatda deyilir ki, keçmiş deputat yaxın vaxtlarda borcu qaytaracağını iddia edərək məhkəməyə getməyəcəyini bildirib. Rafael Cəbrayılovu məhkəməyə verən Bakı Dövlət Universitetinin müəlliməsi Xatirə Nəcəfovadır. Rafael Cəbrayılovun ona 200 min dollar borcu var.

İşə Abşeron rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə baxılır. Artıq məhkəmənin hazırlıq iclası baş tutub. Rafael Cəbrayılov prosesə qatılmadığına görə növbəti məhkəmə prosesi qeyri-müəyyən günə qədər təxirə salınıb.

X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır. X.Nəcəfova Rafael Cəbrayılov barəsində Abşeron rayon Məhkəməsində maddi ziyan ödənilməsi ilə bağlı iddia qaldırıb.

Xatırladaq ki, deputat Rafael Cəbrayılov Təranə Fətəliyeva, Xatirə Nəcəfova və başqa bir neçə şəxsdən külli miqdarda borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Rafael Cəbrayılovun borclu şəxslər bu məsələni ictimailəşdirəndən sonra o, mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib