Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları

14:30 | 15 Noyabr, 2019

Səhiyyə Nazirliyinin nəzdində olan institutlar TƏBİB-ə verilməlidir…

Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

Nazirlər Kabineti aprelin 12-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin (TƏBİB) balansına verilmiş səhiyyə müəssisələrinin siyahısını təsdiq edib.

8 elmi tədqiqat institutu, 18 tibb mərkəzi, 12 stasionar müəssisə, Səhiyyə Nazirliyi yanında 15 təcili yardım müəssisəsi, şəhər və rayon səhiyyə şöbələri və onların tabeliyində olan xəstəxanalar, klinikalar və tibb müəssisələri, habelə 18 təsərrüfat hesablı müəssisəsi TƏBİB-in balansına verilib.

Azərbaycanda 2020-ci ilin Yanvarından ölkə üzrə icbari tibbi sığortanın tətəbiqinə başlanacağı gözlənilir. Göründüyü kimi səhiyyə sistemində hökm sürən korrupsiyanın,rüşvətin kökünü kəsmək üçün atılan bu inqilabi addımlar ciddi dəyişikliklərin olacağından xəbər verir.

Lakin nədənsə TƏBİB-in balansına verilən tibb müəssisələri siyahısında ən çox korrupsiyaya bulaşan,rüşvətin total şəkildə hökm sürdüyü bir çox institutlar kimi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun adına rast gələ bilmədik.

Hamıya məlumdur ki, yarıtmaz idarəçilik səbəbindən Kardiologiya İnstitunda acınacaqlı durum yaranıb. Kollektivdə hökm sürən narazılıq, kütləvi şəkildə kadrların işdən qovulması, heç bir imtahansız,vakansiya elan edilmədən onlarla şəxsin işə qəbulu burada korrupsiyanın və rüşvətin göstəriciləridir. Lakin nədənsə TƏBİB-in balansına keçəcək tibb ocaqlarının siyahısını hazırlayanlar bütün institutları “siqqətdən kənar” saxlayıblar. Bunun özü korrupsiyaya və rüşvətə növbəti dəfə rəvac vermək,meydan açmaqdır.

Zənnimizcə dövlət başçısının iradəsinə zidd olaraq bu addımı atanlar bilərəkdən səhiyyə sistemində ikitirəliyin yaranmasına, bir qrup korrupsioner şəxsin “toxunulmazlıq” statusunun qorunmasına xidmət edirlər. Təsadüfi deyil ki, yaranmış şəraitdən maksimum yararlanan G.Dadaşova Kardiologiya İnstitutunu hər gün uçurumun astanasına bir addım daha yaxınlaşdırır.

Ölkədə aparılan son kadr islahatları,prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşnalıqlarına qarşı mübarizə günün başlıca tələbidir. Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır,hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bundan bir nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradarlar. Amma,çifayda…

C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifəyə gələr-gəlməz böyük bir kollektivi,tibb ocağını çətin duruma salıb. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq aylardır ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb olub. Yalnız Səhiyyə naziri ilə olan “qudalıq”dan yararlanan G.Dadaşova “burda mənəm nazirlikdə Oqtay müəllim” deyərək istədiyini edir-işdən çıxarır,işə qəbul edir…G.Dadaşova ”Sobsan” şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır.

O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir təzə qohumluğu daha da möhkəmləndirmək üçün (hər halda başqa nəsə səbəb düşünmək istəmirik) Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyayıb. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verib.

Gülnaz xanım instituta gəlib nə gəlib. İnstituta təmir adıyla yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başlayıb otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozub.

Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində olub. Məhz bu “islahatlar” Kardiologiya İnstitutnun altını üstünə çevirib. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırıb.

Qanunsuz olaraq işdən çıxarılanlar isə məhkəmələrdə öz haqqlarını qorumağa çalışsalar da hələ ki, G.Dadaşova səddini keçmək mümkün olmayıb. İnstitutun keçmiş əməkdaşlarının tələbləri nəinki yerinə yetirilmir,hətta G.Dadaşova bu məsələyə münasibət bildirməyi belə özünə sığışdırmır.

G.Dadaşova instituta işə qəbul etdiyi şəxsləri hansı kriteriyaları əsas götürərək seçdiyini isə ancaq özü bilir. Çünki həmin şəxslərin nazirliyin keçirdiyi imtahanlarda iştirakı və yaxud hansı vakansiyalara qəbul olunması barədə demək olar ki,heç bir məlumat yoxdur.

Xüsusilə qeyd edilməlidir ki, G.Dadaşovanın qısa müddət ərzində işə qəbul etdiyi şəxslərin sayı son 10 ildə işə götürülənlərin sayından qat-qat çoxdur. Bu isə məsələdə şəxsi maraqların və qaranlıq məqamların olmasından xəbər verir. Onun institutun təsərrüfat işləri müdiri vəzifəsinə isə öz yaxın qohumunu təyin etməsi bildirilir. Bu barədə Gülnaz xanım susmağa üstünlük verir.

Ümumiyyətlə G.Dadaşova bu və ya digər mənada öz yaxınlarını ətrafına toplamaqda davam edir. Aldığımız məlumatlara görə yaxın əlaqələri olan türk iş adamı nəinki institutun təmir olunmasında,hətta idarə olunmasında belə yaxından iştirak edir.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib. Direktorun köməkçisi Firuzə Fərəcovanı “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

Bu gün Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatı geniş vüsət alıb. Saytımıza daxil olan məlumatlara görə, hərbi xidmətdən yayınmaq istəyən şəxslərdə “ürək qüsurunun” aşkarlanması İnstitutda çox ürəklə həyata keçirilir. “Saxta hərbi bilet” alverçiləri ilə ciddi işbirliyi quran Kardiologiya İnstitutunun rəhbərliyi çoxsaylı şəxslərə saxta sənədlər verərək hərbi xidmətə yararsızlığını göstərib. Birbaşa dövləti cinayət hesab olunan bu addım ciddi şəkildə araşdırılmalı, müharibə şəraitində olan ölkəmizdə xəyanətə bərabər bu əmələ imza atanlar qanunların ən sərt maddələri ilə cəzalandırılmalıdırlar.

G.Dadaşova elm aləmində “inqilab” hesab olunan plagiat əsəri barədə deyilənlərə də reaksiya verməyi özünə sığışdırmır. Bu barədə etdiyimiz müraciətlərə hələ ki,düz-əməlli bir cavab ala bilməsək də müvafiq qurumlar-konkret olaraq Ali Attestasiya Komissiyası da susqunluğunu qoruyur.

Bir daha bildiririk ki, G.Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika,qanın lipid spektri,insulinərezistenlik,ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya i izmeneniya qemodinamiki,qemoreoloqii u jenşin postmenopauze,perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə-uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür.

Məlumata görə, zəif tərzdə yazılmış,plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib. Göründüyü kimi fəaliyyəti “dramatik çalarla” zəngin olan G.Dadaşova bu gün ölkədə aparılan islahatları, yenilənmə proseslərini görməzdən gəlir. Sanki bütün bunların onun rəhbərlik etdiyi instituta heç bir aidiyyatı yoxdur.

Səidə xanım və Gülnaz xanımın “ortaq əməliyyatları”

G.Dadaşovanın fəaliyyətində bu qədər nöqsanların (nöqsan bu əməllərə verilən ən yumşaq addır) olmasına baxmayaraq hələ də yüksək səviyyədə himayə olunur. Aldığımız məlumatlara görə, onu qoruyan qüvvələr arasında Səhiyyə nazirliyinin Kadrlar,elm və təhsil şöbəsinin rəhbəri Səidə xanım xüsusilə fərqlənir. Hələ Kəmalə xanımın dövründən xəstəxana,klinika,institut rəhbərləri ilə işlərdən sorumlu olan Səidə xanım onlarla “sıcaq münasibətlər” yaradıb. G.Dadaşova isə istisna təşkil edir.

Verilən məlumatlarda onların münasibətləri işbirliyi səviyyəsinə qədər yüksəlib. Yuxarıda qeyd etdiyimiz saxta işəgötürmə əməliyyatlarının çoxu məhz Səidə xanımla G.Dadaşovanın ortaq fəaliyyətinin məhsuludur. Səidə xanım G.Dadaşovanın bütün qanunsuz əməllərinə qanuni don geydirmək istiqamətində xüsusilə canfəşanlıq göstərir. Məhz bu himayədarlıq Kİ-da korrupsioner,rüşvətxor ab-havanın yaranmasına gətirib çıxarır.

Bu gün dövlət başçısı İ.Əliyev, birinci vitse prezident Mehriban xanım səhiyyənin inkişafı üçün bütün zəruri addımları atırlar. Amma, G.Dadaşova və onu himayə edən güclər sanki bu işləri sabotaj edirmişlər kimi öz qanunsuz əməllərini davam etdirirlər. Üzümüzü Mehriban xanıma tutaraq demək istəyirik ki, G.Dadaşova və onun himayədarları bu gün Azərbaycan səhiyyəsini məhvə sürükləyirlər. Onların bütün əməlləri sizin fəaliyyətinizə kölgə salmağa hesablanıb,dövlətimizin imicinə zərbə vurur. Qısa müddət ərzində bu şəxslərin fəaliyyəti ciddi təftiş olunmalı, səhiyyə sistemi bu bəlalardan qurtarılmalıdır!

/Rublika.az