“XARI BÜLBÜL” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib-FOTOLAR

15:40 | 15 Noyabr, 2019

Gənclər üçün Təhsil Mərkəzi Bakı şəhərində “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirmişdir. Editor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.
Rəsmi açılışda dövlət qurumlarının nümayəndələri, diplomatlar, yeniyetmə və gənclər iştirak etmişlər. Tədbirə 3 xarici ölkədən (Türkiyə, Macarıstan və Moldova) 18 gənc qatılmışdır.
Tədbiri giriş sözü ilə Mərkəzin baş katibi Gülnar Xəlilova açaraq, Festivalın əhəmiyyəti barədə danışmış, yaradıcı gənclərin böyük marağına səbəb olduğunu vurğulamışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə yaradıcı gənclərə dövlət qayğısı, onların öz bacarıqlarını nümayiş etdirmək üçün yaradılan imkanlar barədə fikirlərini bölüşmüşdür. O, ümumilli lider Heydər Əliyevin hər zaman yaradıcı gənclərin irəli çəkilməsinə və inkişafına böyük önəm verdiyini vurğulamış, həmin ənənənin bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etmişdir.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Festivalın təkcə Bakı şəhərində deyil, ölkəmizin digər regionlarında da keçirildiyini bildirmişdir. O, Festival üçün bir neçə ay bundan öncə, Bakı şəhərində yaradıcılıq dərnəyinin qurulduğunu, iştirakçı olmaq istəyənlər bu dərnəkdə bütün hazırlıq işlərini həyata keçirdiklərini qeyd etmiş, gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materialların yerləşdirildiyini və təlimləri keçirildiyini vurğulamışdır.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral “Xarı Bülbül” festivalının böyük maraqla qarşılandığını, gənclərin yaradıcılığının inkişafına hərtərəfli dəstək verildiyini yüksək qiymətləndirmişdir. Qonaq Türkiyə və Azərbaycan arasında mədəni dostluq əlaqələrinə toxunmuş, səmimi dəvətə görə təşkilatçılara təşəkkür etmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan festivalda yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmiş, şeirlər söylənilmiş, tamaşalar göstərilmişdir. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilmişdir.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

//Editor.az

????????????????????????????????????

????????????????????????????????????