Moskvada Xalidənin saunasında kişi müştərilərlə… – Şok təfərrüat

16:19 | 15 Noyabr, 2019

Azərbaycanlı qadınları fahişəliyə məcbur etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Şəmkir rayon sakini Rəmziyyə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəmziyyə Abbasova 21 iyul 2015-ci il tarixdə yaşadığı Şəmkir rayonu Xuluf kəndində yerləşən mənzilində Rəfiqə Babayevanı (zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) Rusiya Federasiyasının Moskva şəhərində kafedə aşpaz kimi işə düzəldəcəyi adı ilə aldadıb.

O, aldatma yolu ilə Rəfiqə Babayevanı iyulun 22-də Moskva şəhərinin Biryulyovo rayonuna aparıb.

Növbəti gündən başlayaraq Rəmziyyə Abbasova Rəfiqə Babayevanı Xalidə adlı qadına məxsus saunada, eləcə də ayrı-ayrı ünvanlarda sonuncu ilə birlikdə 2015-ci ilin avqust ayının sonunadək nəzarəti altında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb.

Rəfiqə Babayevanın cinsi əlaqədə olduğu kişidən pulu Xalidə alıb və Rəmziyyə Abbasova ilə bölüşüb.

Bundan başqa o, həmin il iyulun 21-də Gəncə şəhərində yaşayan Məlahət Abbasovanı Moskva şəhərində kafedə xidmətçi kimi işə düzəldəcəyinə vəd verib.

O, aldatma yolu ilə Məlahət Abbasovanı ertəsi gün Moskva şəhərinin Biryulyovo rayonuna aparıb. Daha sonra Məlahəti Xalidə adlı qadına məxsus saunaya aparıb və orada Xalidəyə təhvil verib.

Məlahət Abbasova Xalidənin təsiri altında sonuncuya məxsus saunada, eləcə də ayrı-ayrı ünvanlarda kişi müştərilərlə pul müqabilində cinsi əlaqəyə məcbur edilib.

İstintaq orqanı tərəfindən Rəmziyyə Abbasova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (eyni əməllər təkrar törədildikdə), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəmziyyə Abbasova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli həbs olunduğu gündən, 2019-cu ilin yanvarın 22-dən hesablanıb.

Hökmdən narazı qalan Rəmziyyə Abbasova apelyasiya şikayəti verib. O, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, peşmançılığını nəzər alınmasını, cəza müddətinin azaldılmasını və ya alternativ cəza təyin edilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Rəmziyyə Abbasovanın apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Rəmziyyə Abbasova kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Rəmziyyə Abbasovanın kasasiya şikayəti təmin olunmayıb.

//Teleqraf