KOBİA daxili bazar araşdırmalarının aparılması üçün konsaltinq şirkətləri seçir

05:00 | 18 Noyabr, 2019

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlardan daxil olmuş müraciətlər əsasında daxili bazar araşdırmalarının aparılmasına konsaltinq şirkətlərinin cəlb edilməsi istiqamətində işlərə başlayıb.

Bu barədə “Report”a müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, proses “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq həyata keçirilir: “Mikro, kiçik və orta sahibkarlar üçün daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaranmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək. Bu dəstək mexanizminin işə düşməsi bir daha göstərir ki, Prezident İlham Əliyev sahibkarların ən böyük dəstəkçisi və himayədarıdır. Mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarına dövlət dəstəyini KOBİA təşkil edir. Dövlət başçısının müvafiq fərmanının icrası ilə əlaqədar Agentlikdə İşçi Qrupu yaradılıb, müraciət üçün nümunəvi ərizə forması hazırlanaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib, sahibkarlar və digər maraqlı tərəflər dəstək mexanizmi barədə məlumatlandırılıb. Bu məqsədlə maarifləndirici çarx hazırlanıb, televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması təmin edilib”.

Xatırladaq ki, ölkə Prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Sözügedən Qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanır. Yeni dəstək mexanizmi çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir.