Deputat: “Bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir”

15:00 | 19 Noyabr, 2019
Milli Məclisin bu gün keçirilən iclasında  məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb.
Millət vəkili Siyavuş Novruzov müzakirə zamanıməhkəmələrlə bağlı fikirlərini səsləndirib.
O, qeyd edib ki, müzakirə edilən sənəd kifayət qədər sanballıdır:
“Biz bu məsələni müakirə edərkən ilk növbədə məsələyə konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflərimizi verməliyik. Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq. Uzun müddətdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirilir. Yeni məhkəmə binalarının tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər işlər həyata keçirilir”.
Mülkiyyətin müxtəlif formaları, ailə- məişət və digər məsələlərlə əlaqədar məhkəmələrə ciddi sənədlərin daxil olduğunu deyən deputat söyləyib ki, hakimlər onların təhlil edilməsi, sonda obyektiv qərarın çıxarılması üçün bu işlərlə dərindən tanış olmalıdır:
“Bəzi hallarla biz də rastlaşırıq ki, hansısa bir strukturun qanunu pozması nəticəsində məhkəmə elə qərar çıxarmağa məcbur qalır ki, nəticədən narazı qalan tərəflər mütləq olur. Məsələn, əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaq. Elə səbəblər var ki, insanlar zamanında hüquqi addımlar atmır və nəticədə işlər gəlib məhkəməyə çatır. Belə olan halda, müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan bütün bunlarla bağlı qanunda məsələlərə kompleks yanaşmalıyıq. Ümumiyyətlə hesab edirəm ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır. Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir. Həmçinin təklif edirəm ki, məhkəmələr ixtisaslaşdırılmalıdır. Məhkəmələr həm mülki məsələlərə, həm cinayət, həm də uşaq hüquqları ilə məşğul olur. Burada ixtisaslaşmanın müəyyənləşməsi vacib şərtlərdən biridir”.