Gürcüstanın sabiq Müdafiə nazirinə qarşı yeni ittihamlar irəli sürülüb

15:29 | 19 Noyabr, 2019

Gürcüstanın sabiq Müdafiə və Daxili İşlər naziri İrakli Okruaşvili və sabiq Baş prokuror Zurab Adeişviliyə qarşı yeni ittihamlar irəli sürülüb.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, hər iki şəxs 2004-cü il noyabrın  24-də 19 yaşlı  gənc Amiran Robakidzenin öldürülməsi işində vəzifə səlahiyyətlərindən sui istifadə və dəlillərin saxtalaşdırılmasına yol veriblər.

“Gürcüstan Baş Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində müəyyən edilib ki, 2004-cü il noyabrın 24-də Tbilisinin Akaki Tsereteli  prospektində patrul polisi əməkdaşları sürücü və beş sərnişinin olduğu BMW-ni saxlayıb. Avtomobildə olan şəxslərin yoxlanması zamanı yol patrul müfəttişi G.B. avtomobilin sürücüsünə yanlışlıqla atəş açıb və ağır yaralayıb. Hadisə yerinə gələn nazir İrakli Okruaşvili və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri polisin imicini qorumaq üçün dəlilləri saxtalaşdırıb və avtomobildə olan digər şəxslərin odlu silah və sursatla yaxalandığını açıqlayıb. Nəticədə, saxtalaşdırılmış dəlillər əsasında, nəqliyyat vasitəsində olan şəxslər Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin 2-ci və 236-cı maddələrinin 1-ci və 2-ci maddələri ilə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilib”, – deyə prokurorluğun açıqlamasında bildirilib.

Qeyd olunub ki, sabiq prokuror Zurab Adeişvili də dəlillərin saxtalaşdırılması prosesində iştirak edib.

Qeyd edək ki, sabiq nazir İ.Okruaşvili bu ilin 20-21  iyun tarixlərində Gürcüstan parlamenti qarşısında baş vermis polis-vətəndaş qarşıdurması ilə əlaqədar iyulun 25-də həbs edilib. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin qrup zoraklığı təşkil etmək, iştirak və rəhbərlik etmək maddəsi ilə cinayət işi açılıb.