“Evimizə zorla gəlib girən…” – Yazıçıdan deputata sərt cavab

17:58 | 19 Noyabr, 2019

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa azərbaycan sənəti, ədəbiyyatı haqda tənqidi fikirlər səsləndirib.

“Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb. İl ərzində yalnız beş-on tədbiri xatırlaya bilirsən ki, bayağılıqdan uzaq bir sənət, ədəbiyyat mühitində bir neçə saat zövqlə oturmusan”, – deyən deputat toylar, müğənnilər, televiziyalar  bağlı da tənqidi fikirlər səsləndirib.

Mövzu ilə bağlı  tanınmış yazıçı Seyran Səxavətlə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bu sözləri deyib:

“Azərbaycan ədəbiyyatı ilə yaxından tanış  olan hər bir istedadlı oxucunu da, yazıçını da ədəbiyyatımızın bugünkü durumu qane etməlidir. Əslində ədəbiyyatımız möhtəşəmdir, sadəcə onun bütün mənzərəsi görünmür. Mənzərə harada görünməlidir? Evimizə zorla gəlib girən televiziyalarda. Gecə-gündüz çalıb oxuyurlar. Heç ədəbiyyat haqqında verilişə rast gəlmisinizmi? Saytlar ədəbiyyata uzaq, kasıb bir qohum kimi baxırlar, ögey münasibət bəsləyirlər.

Ədəbiyyatımızın bu günü çox möhtəşəmdir. Fazil Mustafaya mənim hörmətim var. Görünür, o, Azərbaycan ədəbiyyatı ilə əslində heç tanış deyil. Adicə  bir şey deyim, mən Fazil Mustafa ilə müzakirə edə bilərəm, Seyran Səxavətin 9 romanı var, onun birini belə oxumayıbsa, o nə bilir Azərbaycan ədəbiyyatında elitarlıq hansı dərəcədədir? Oxumaya-oxumaya, bələd olmayaraq, ədəbiyyatı görməyə-görməyə onun əzəməti haqqında bir söz demək olarmı? Deputatların nə dediyinə fikir verməyin, yazıçıların və istedadlı oxucuların dediklərinə fikir verin.

Yazıçı son zamanlar gündəmdə olan ədəbiyyatçı-meyxanaçı qalmaqalına da toxunub:

“Mən onu qarşıdurma hesab etmirəm, heç vecimə də almıram. Onu qarşıdurma səviyyəsinə gətirib çıxaran, televiziyaların bəzi jurnalistləridir. Ortada heç bir qarşıdurma yoxdur, yalan söhbətlərdir”.

Yazıçı Təranə  Vahid var, o dünyada analoqu olmayan yazıçıdır. Mən bunu bütün səmimiyyətimlə deyirəm. Kimdir  onu tanıyan. Onunla hesablaşan? İndi ağsaqqal kimə deyirlər, 5-10 manat pulu olana. Ağıl vacib deyil, pulu varsa, ağsaqqaldır. Keçir yuxarı başa. Bu, ədəbiyyatda da belədir, ədəbiyyatda da mafiya var”.