Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri var? – AÇIQLAMA

12:52 | 21 İyul, 2017

“Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz”.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə, zəlzələ Azərbaycan ərazisinə təsir etməyib: “Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib. Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”.
Q. Yetirmişli əlavə edib ki, Azərbaycan ərazisində tektonik proseslərlə bağlı narahatlıq mövcud deyil: “Zəif təkanlar hiss olunsa da, qorxulu heç nə yoxdur. Dünən Saatlıda zəlzələ olub, amma yüngül təkandır, təhlükəli tərəfi yoxdur”.
Qeyd edək ki, Egey dənizi sahillərində baş verən zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.
//APA