Əli Kərimli üçün heç bir dəyər yoxdur, o, hətta ağır xəstə olan Oqtay Gülalıyevin arxasından iş çevirir

23:37 | 23 Noyabr, 2019

“Artıq kimsəyə sirr deyil ki, Əli Kərimlinin xislətində şəxsi mənafelərini reallaşdırmaqdan ötrü bütün çirkinliklər mövcuddur”.

Editor.az bildirir ki, bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev AXCP sədrinin fəaliyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu ünsür üçün həyatda müqəddəs deyiləcək heç nə yoxdur: “Baxın, bir müddət əvvəl belə bir proqnozlar verilirdi ki, Kərimli əlində olan bütün imkanlardan maksimum şəkildə istifadə edərək, Cəmil Həsənlini Milli Şura sədrliyindən uzaqlaşdırmaq niyyətindədir. Artıq bu proqnoz özünü doğruldub. Düzdür, Cəmil Həsənlinin guya sədrlik kreslosunu öz xoşu ilə Müsavat funksioneri və Milli Şuranın üzvü Tofiq Yaqubliya ötürmək təşəbbüsü irəli sürdüyü deyilir. Amma bu heç də belə deyil.

Başını yararsız siyasətbaza qoşaraq, elmi işlərini unudan professor əslində son uğursuzluqların şahidinə çevrilib və indi də həmin uğursuzluqlara, rüsvayçılıqlara şərik olmaqdan yaxa qurtarır. Ona görə də, öz yerinə Tofiq Yaqublunun namizədliyini irəli sürür. Başqa tərəfdən, Əli Kərimlinin Cəmil Həsənlini bu addıma getməyə məcbur etdiyini də istisna etmək olmaz. Lakin ortada digər məqamlar da var”.

“Bəllidir ki, AXCP sədrinin radikal düşərgədə əsas düşməni hər zaman Müsavat partiyası olub” deyə, qeyd edən Bəhruz Quliyev onu da bildirib ki, xüsusilə, qarşı siyasi təşkilat rəhbərliyi ilə cəbhəçilər mehriban düşmənlər kimi tanınırlar: “Bu baxımdan, Tofiq Yaqublunun Milli Şuranın sədri postuna oturması mümkünlüyü bilavasitə Kərimlinin əlinə oynayır. Birincisi, cəbhəçilərin sədri Yaqublu vasitəsi ilə Müsavat Partiyasına təsir etmək imkanı əldə edəcəyini düşünür. İkincisi, Tofiq Yaqublu Müsavat funksioneri olmasına rəğmən daha çox AXCP və Milli Şura sıralarında görünür. Üçüncüsü isə, son vaxtlar Müsavat başqanı Arif Hacılının miqrant alveri məsələsində ifşasından sonra onun istefası tələb edilir və tələb edənlər arasında Əli Kərimliyə yaxınlıqları ilə seçilən AXCP üzvləri də var. Beləliklə, Tofiq Yaqublu Milli Şuranın sədri seçilərsə, Əli Kərimli Müsavat Partiyasına təsir imkanlarını artırmaqdan ötrü, yəni şəxsi maraqlarını təmin etmək üçün Tofiq Yaqubluya müəyyən vədlər də verib – Arif Hacılını sıxışdırıb onu başqanlıq postuna doğru yönəltmək. Əbəs deyil ki, məlum olaylardan sonra Tofiq Yaqublu Arif Hacılıya qarşı ittihamlar səsləndirməyə başlayıb. Yəni Əli Kərimli hazırda öz məqsədlərini həyata keçirmək üçün Tofiq Taqublunu silah qismində istifadə edir. Qalır İsa Qəmbər faktoru. Bu məsələdə də Əli Kərimlinin planlarının olduğunu demək mümkündür”.

“Daha bir amil Oqtay Gülalıyevlə bağlıdır” deyən baş redaktor hesab edir ki, Əli Kərimli hüquq müdafiəçisinin düşdüyü vəziyyətdən kifayət qədər məmnundur: Çünki Tofiq Yaqublu onun üçün Oqtay Gülalıyevi bu məsələdə də əvəzləyə bilər. AXCP sədri kirli planlarını həyata keçirmək üçün necə deyərlər, bir güllə ilə iki dovşan vuracağını düşünür. Hətta xəstə yatan O.Gülalıyevin arxasından iş çevirir. Ancaq həyat zaman-zaman göstərib ki, bəzən atılan güllələr rikoşet də verir. Bu baxımdan, AXCP sədri anidən özünü “yandıra” da bilər…”

Baş redaktor sonda xatırladıb ki, Əli Kərimli ümumiyyətlə xəyanət və satqınçılıq fonunda dırnaqarası siyasətçiyə çevrilib: “Heç kim onun mərhum Əbülfəz Elçibəyə qarşı törətdiyi xəyanət və söyüş kampaniyalarını, AXCP-nin sədrlik postunu hansı çirkin yollarla zəbt və işğal etdiyini unutmayıb. Ona görə də, bu gün onun fəaliyyətinə nəzər salarkən həm də belə bir nəticə hasil edə bilərik ki, bu ünsür bütövlükdə müxalifəti dağıdıb, özünü də “ana müxalifət lideri” kimi təqdim etməyə cəhd göstərir. Amma bu xislət illərdir ki, davam etsə də, o öz qaranlıq niyyətinə çata bilmir. Atalarımızın bir məşhur sözü var – başqasına quyu qazan özü düşər. Ömrünü xalqa, dövlət maraqlarlna, hətta təmsil olunduğu düşərgəyə xəyanətlər etməyə həsr edən Əli Kərimli əlbəttə ki, özü qazdığı quyuya mütləq mənada düşəcək. Onun xisləti, qaragüruhçuluğu da tam olaraq bu gerçəkliyi sübuta yetirir”.

Mövzunu Facebookda şərh et