Siyasi ekspert: “Milli Məclisə yeni dövrün çağırışlarına cavab verən insanlar seçiləcək”

02:21 | 2 Dekabr, 2019

“Milli Məclisin buraxılması prosedurlarının başlaması, ardınca isə Prezident Administrasiyasının yeni strukturunun təsdiqlənməsi ölkənin ictimai rəyində görünməmiş bir canlanma yaradıb. Prezident İlham Əliyevin sərəncamları əsasında bır sıra yüksək ranqlı dövlət məmurlarının vəzifədən azad edilməsi və yeni təyinatların həyata keçirilməsi ölkədə aparılan köklü islahatların dövlət idarəetmə aparatını da əhatə etməsi kimi qəbul olunur”.

Editor.az xəbər verir ki, bu sözləri siyasi ekspert Əlabbas Məhərrəmov deyib. O qeyd edib ki, Prezidentin vəzifəyə gətirdiyi yeni kadrlar sırasında Ədalət Vəliyev və Anar Ələkbərov kimi şəxslərin yer alması çox sevindiricidir. Ə.Məhərrəmov qeyd edib ki, bu təyinatlar dövlət idarəetməsini xeyli təkmilləşdirməklə yanaşı, həyata keçirilən siyasətin effektivliyini də artıracaq:

“Bu, əlbəttə ki, bütün sferaları əhatə edən islahat dalğasının davamı və cəmiyyətdəki gözləntilərin doğrulması anlamında qəbul edilir. Baş verən dəyişikliklər zəncirinin sonuncu əsas “halqa”sı isə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi, onun əsasında ali qanunvericilik orqanının yeni tərkibinin müəyyənləşməsi olacaq.

Ümid edirəm ki, növbədənkənar seçkilər baş verən dəyişikliklərə adekvat qaydada keçiriləcək və Milli Məclisə yeni dövrün çağırışlarına cavab verən, hazırlıqlı, enerjili, öz fəaliyyəti ilə millətə və dövlətə faydalı olan insanlar seçiləcək”.

//Editor.az