Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir – Açıqlama

14:04 | 2 Dekabr, 2019

Xəbər verdiyimiz kimi, son bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının növbəti Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. 

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, onlar A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər:

“Əziz həmvətənlər, dəyərli soydaşlarımız! Gəlin, Afaq Bəşirqızını Milli məclisə əsl millətini sevən biri olduğuna rəğmən, millət vəkili seçilməyə çağıraq! Razı olanlar, rica edirəm, dəstəkləyib paylaşaq. Bu gözəl şəxsiyyəti Milli Məclisdə Zeynəb Xanlarovanın əvəzinə görmək istərdinizmi?” – deyə onların paylaşdığı mətndə qeyd olunub. Kampaniyaya azərbaycanlı məşhurlar da qoşulub. Aktrisanı deputat kimi görmək istəyənlər arasında  qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva, Əməkdar artistlər Elza Seyidcahan və Vasif Məhərrəmli də olub.

Məsələ ilə bağlı Kult.az-a danışan A.Bəşirqızı hələlik bu barədə danışmaq üçün tez olduğunu deyib:

“Hesab edirəm ki, indi bu söhbətlərin yeri deyil. Kimlər məni dəstəkləyirsə, Milli Məclisdə görmək istəyirsə, onlara təşəkkür edirəm. Düzü, bu barədə bir şey deyə bilmərəm. Hələlik bu haqda düşünməmişəm”.

Xatırladaq ki, mart ayında  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Afaq Bəşirqızı Prezidentə aktyorların çətin həyat şəraitindən danışaraq onların maaşının qaldırılmasını xahiş etmişdi. Milli Məclisin deputatı Zeynəb Xanlarova isə  sözügedən tədbirdə “yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın” deyə fikirlərini bildirmişdi. Bu isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmişdu.