Ölkə 3 ay parlamentsiz olmayacaq: Bu hallarda Milli Məclis toplana bilər…

03:38 | 6 Dekabr, 2019

Məlum olduğu kimi Azərbaycanda Milli Məclis buraxıldı və Konstitusiya Məhkəməsi də MM-in  buraxılması ilə bağlı qərar verdi. Növbəti növbədənkənar parlament seçkilərinin fevral ayında olacağı gözlənilir. Lakin Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Növbəti seçkiyə qədərki 3 ay ərzində  hər hansı fövqəladə hal yaranarsa, ölkədə idarəetmənin bir qolu olan qanunverici hakimiyyəti kim aparacaq? Buraxılmış Milli Məclisin deputatları həmin müddətdə səlahiyyətlərini yerinə yetirə biləcəkmi?

“Yeni Müsavat” bu mövzu ilə bağlı deputatların rəyini öyrənməyə çalışdıq. Məlum oldu ki, millət vəkilləri də bu durumla bağlı narahat olsalar da, heç də hamısı dəqiq məlumata malik deyillər.

Deputat Vahid Əhmədovun sözlərinə görə, Parlament birdəfəlik buraxıla bilməz , 3 ay ərzində dövlət parlamentsiz ola bilməz: “Ola bilər ki, deputatların səlahiyyəti Konstitusiyada göstərildiyi kimi növbəti çağırış parlament toplanana qədər saxlanılmalıdır ki, fövqəladə bir vəziyyət yaranarsa, deputatların toplaşmaq imkanı olsun. Bu məqam mütləq nəzərə alınmalıdır”.

Deputat Vahid Əhmədov ile ilgili görsel sonucu

Deputat Tahir Kərimli də bildirdi ki, bu son vaxtlar deputatlar arasında ən çox müzakirə olunan mövzudur: “Biz də bu barədə öz fikirlərimizi çatdırmışdıq. Konstitusiya məhkəməsinin qərarında göstərilir ki, deputatların səlahiyyəti seçiləcək yeni parlamentin ilk iclasına kimi saxlanılmalıdır. Eyni zamanda Konstitusiyanın 111-ci və digər maddələrinə uyğun olaraq fövqəladə vəziyyətlər, hərbi vəziyyət və sair yaranarsa, Milli Məclisdə təcili baxılmalı olan durumlar  olarsa, parlamentin toplanması nəzərdə tutulub. Güman edirəm ki, kvorum məsələsində problem olmaz. Bəzi deputatlar artıq başqa vəzifələrə gediblər. Amma kvorum olacaq, 83 nəfər kifayət edir ki, parlament öz işini apara bilsin”.

Deputat Tahir Kərimli ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı da vurğuladı ki, bir neçə  halda buraxılmış Milli Məclis toplana bilər: “Hərbi vəziyyət və ya fövqəladə  vəziyyət yarananda bu zərurəti nəzərə alaraq parlament toplana bilər. Eyni zamanda Milli Məclisin beynəlxalq təşkilatlar qarşısında  öhdəliyi var, parlamentlərarası əlaqələr var. Bu da dayanmamalıdır. Bu 3 mühüm şərti nəzərə alaraq Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin müəyyən hissəsinin saxlanılmasını zəruri etmiş və bu haqda qərar qəbul etmişdi. Bu qərarı dəyişmək , ləğv etmək qadağandır”.

Deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

F.Ağamalı onu  da qeyd etdi ki, biz Ermənistanla müharibə vəziyyətindəyik və düşmən ölkə zamanında boşluqlardan istifadə edib Azərbaycana qarşı təcavüzünü genişləndirib. Bu dövlətdən hər şey gözləmək olar. Ona görə də, hərbi vəziyyət elan etmək, müharibənin başlaması, başqa səbəblərdən sərhədlərimizin pozulması kimi hallar ola bilər. Hakimiyyətin zorakılıqla davam etdirilməsi cəhdləri ola bilər. Bir də təbii fəlakətlər ola bilər ki, orada fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac duyula bilər. Bütün bu hadisələr zamanı ölkə prezidenti tərəfindən imzalanan sənəd Milli Məclis tərəfindən mütləq təsdiq olunmalıdı ki, qüvvəyə minsin. Bunu nəzərə alaraq, Konstitusiya  məhkəməsi düzgün addım atdı və qəbul etdiyi qərarın ikinci hissəsində Milli Məclisin səlahiyyətlərinin saxlanılması şərti ilə onun fəaliyyətini növbəti parlament seçkilərinə qədər qüvvədə saxladı”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin  Plenumu həmçinin hesab edib ki, Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayana qədər müstəsna olaraq Konstitusiyanın 111 və 112-ci maddələrində, 95-ci maddəsinin birinci hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş və bu kimi digər səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyaların həyata keçirilməsi üçün Beşinci Çağırış Milli Məclisin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Əli Hüseynli ile ilgili görsel sonucu

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Milli Məclisin konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var və o baxımdan növbəti parlament iclasına qədər səlahiyyətləri saxlanılmalıdır: “Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamızın məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 98-1-ci maddədə əlbəttə ki, “Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 98-1-ci maddənin buraxılma məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 98-1-ci maddədə Milli məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki “səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”.

“Yeni Müsavat”