Bakıda kafe sahibi tanışı tərəfindən öldürüldü – Təfərrüat

17:30 | 6 Dekabr, 2019

Bakıda kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Əmrah Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses dekabrın 9-da davam edəcək.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.

Həmin kafenin icarədarı, Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Zahid Sadıqovun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Əmrah Hüseynov tutularaq istintaqa cəlb edilib.

Əmrah Hüseynov hadisədən əvvəl kafedə Zahid Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib.

Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb.

Nəticədə Əmrah Hüseynov kafenin icarədarını qətlə yetirib.

İstintaq orqanı tərəfindən Əmrah Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.