Rob Sobhani: “Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək”

13:14 | 7 Dekabr, 2019

“Azərbaycanda ağacəkmə kampaniyası həm lokal, həm də qlobal əhəmiyyət daşıyır”.

Editor.az xəbər verir ki, bunu Trend-ə amerikalı ekspert Rob Sobhani İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, lokal miqyasda Azərbaycan Birinci vitse-prezidentinin bu təşəbbüsü ölkədə yaşıllıq sahələrinin genişlənməsinə yönəlib, ətraf mühitin sağlamlaşdırılmasına və Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına töhfə verir:

“Qlobal miqyasda isə bu təşəbbüs bəşəriyyət qarşısında dayanan, əsas məsələlərdən biri olan iqlim dəyişikliyi və karbon tullantıları probleminin həllinə töhfə verir. Bildiyiniz kimi, Yerin temperaturu artır və buzlaqların əriməsi müşahidə olunur. Planetdə istiləşmə aclıq, yoxsulluq və kütləvi ölüm kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Ağacların əkilməsi karbon tullantılarının qarşısının alınmasında ən səmərəli üsullardan biridir”.

Ekspert qeyd edib ki, Nəsiminin 650 illiyinə həsr olunmuş ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək:

“Azərbaycan xalqı Birinci vitse-prezidenti ilə fəxr etməlidir, çünki Mehriban Əliyeva nəinki qlobal əhəmiyyətli məsələlərdə liderlik nümayiş etdirir, həm də Azərbaycan iqlim dəyişiklikləri probleminin həllinin mərkəzinə yerləşdirir”.