Radikalların boykot taktikası və bu taktikanın arxasındakı planların uğur şansı sadəcə yoxdur – Siyasi ekspert

13:22 | 7 Dekabr, 2019

“Milli Məclisin buraxılması təşəbbüsü ilə bağlı dövlət orqanlarının vahid qətiyyətli mövqe nümayiş etdirməsinin ardınca radikal müxalifətin ənənəvi uğursuz seçki taktikası yenidən ictimai-siyasi müzakirələr mövzusuna çevrilib”.

Editor.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, Milli Məclisin buraxılması proseduruna başlamaq və vaxtından qabaq parlament seçkiləri keçirməkdə israrlı olmaq hakimiyyətin və hakim partiyanın öz seçki taktikasında zaman-zaman yeniliklər etdiyini və yeni taktikaların tətbiqinə inamla getdiyini nümayiş etdirir:

“Bu sözləri radikal müxalifətin seçki taktikası barədə söyləmək qətiyyən mümkün deyil. İllərdir ictimai-siyasi mühit sürətlə dəyişdiyi halda radikal müxalifət özünün seçki və siyasi mübarizə taktikasında heç bir keyfiyyət dəyişikliyi edə bilmədiyinə görə məğlubiyyətə düçar olub. Radikal düşərgə seçki taktikasında qələbə təminatlı dəyişikliklər etmək gücündə olmadığını bu dəfə də aydın şəkildə göstərir, cəmiyyət üçün heç bir prinsipial maraq doğurmayan mexaniki hərəkətlərlə əslində özünün mübahisəsiz zəifliklərini, sosial bazasızlığını və perspektivsizliyini gizlətməyə çalışır.

İndiyə qədər parlamenti yetərsiz fəaliyyətdə, üzvlərin yaşlı olmasında və sair məsələlərdə qınamağa çalışan radikal çevrənin yeni parlament seçkilərini indidən boykotla hədələməsi geniş ictimaiyyət üçün bir qədər anlaşılmaz görünsə də, bütün siyasi dairələr bu mövqenin əsl mahiyyətini yaxşı anlayırlar və hesab edirlər ki, radikallar üçün əsas hədəf seçkidə ciddi nəticələr ortaya qoymaq yox, sadəcə ölkədə qeyri-demokratik seçkilər fonu yaratmaqla hakimiyyət və şəxsən Prezident üçün beynəlxalq münasibətlər müstəvisində çətin fəaliyyət şəraiti yaratmaqdır. Daha dərindən yanaşdıqda radikal çevrələrin bu sayaq taktika ilə hərəkət etməyə sadəcə məhkum olduğunu görmək olar. Bir sıra “Milli Şura” partiyaları və Müsavatın Avropada qanunsuz və cinayət xarakterli mühacir alverində iştirakına dair dəqiq faktlar ortaya çıxıb. Bu partiyaların beynəlxalq dairələri faktiki olaraq aldatdıqları sübut edilib”.

Ekspert əlavə edib ki, Əli İnsanovun yeni siyasi partiya kartı ilə cəmiyyətdə böyük fəallıq dalğası yaratmağa hesablanmış planları isə faktiki olaraq iflasa uğrayıb: “Bu və digər arqumentlər yeni seçkilərdə də radikal partiyaların heç bir uğurlu platformaya malik olmadıqlarını indidən söyləməyə ciddi əsaslar olduğunu sübut edir. Boykot çagırışları radikal müxalifətin dəyişmədiyini, siyasi reallıqları və ictimai rəyi qəti görə bilmədiklərini sübut edir. Radikalların boykot taktikası və bu taktikanın arxasındakı planların uğur şansı adi bir səbəbdən sadəcə yoxdur – radikallar ölkədə sosial dəstəyi tam itiriblər”.

Mövzunu Facebookda şərh et