Həcc ziyarətində öldürülən, əri tərəfindən güllənən, övladlarını öldürən… – İdmançıların ailə faciələri

23:07 | 9 Dekabr, 2019

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin keçmiş, “Keşlə” klubunun hazırkı futbolçusu İlkin Qırtımovun bacısı Sevinc Qırtımova dünən intihar edib. Bu gün onun atası, Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımov açıqlama verərək qızının intihar etmədiyini, yıxıldığını deyib. Əsasən yarışlardakı çıxışı ilə tanıdığımız idmançılar bəzən həyatlarında baş verən dəhşətli hadisələrlə də gündəmə gəlir.

“Yeni Sabah”yaxınlarını faciəvi şəkildə itirən idmançılarla bağlı kiçik araşdırma edib. Sizə onlardan bəzilərini təqdim edirik:

Cari ilin iyununda kikboksinq ustası İlqar Alıyevin oğlu Elnur Alıyev bıçaqlanaraq öldürülüb. Hadisənin pul üstündə törədiliyi deyilirdi.

Bu ilin oktyabrında Azərbaycan çempionatının 2014/15 mövsümünün bombardiri, hazırda Moldovanın “Dinamo-Avto” klubunun formasını geyən Nurlan Novruzovun atası Zahid Novruzov futbolçunun anası Təranə Novruzovanı tüfənglə güllələyərək öldürüb.

Reqbi üzrə İtaliyanın milli komandasının keçmiş üzvü Andrea Bennattinin həyat yoldaşı Antonella Barbieri iki uşağını öldürmüşdü. Psixoloji problemləri olan Antonella Barbieri 2017-ci ilin dekabrın 7-də 2 yaşlı qızını boğub, daha sonra 7 yaşlı oğlunu çay kənarında bıçaqlayaraq qətlə yetirmişdi. Bundan sonra qadın özünə bıçaq xəsarətləri yetirərək intihar etmək istəsə də, şahidlərin köməyi ilə o xilas olunmuşdu.

2012-ci ildə Türkiyə milli futbol komandasının əfsanəvi futbolçusu Hakan Ünsalın qardaşı Həsən Ünsal ürəyindəki narahatlığı səbəbilə əməliyyat olunanda ağciyərinə virus düşməsi nəticəsində dünyasını dəyişmişdi.

“Stok Siti” klubunun keçmiş hücumçusu Mame Biram Diufun anası Qnilane Diuf 2015-ci ildə Məkkədə Həcc ziyarətinə getmişdi. Ziyarət zamanı yaranan basırıqda insanlar tərəfindən sıxılaraq ağır xəsarətlər almış və dünyasını dəyişmişdi.

İngiltərənin “Mançester Yunayted” futbol klubun keçmiş müdafiəçisi Rio Ferdinandın həyat yoldaşı Rebekka Elisson 2015-ci ildə uzun sürən xərçəng xəstəliyindən ölmüşdü.