Qarabağa qanunsuz səfərlər: Bunun qarşısını bir yolla ala bilərik

05:24 | 10 Dekabr, 2019
Dekabrın 7-də Qarabağa qanunsuz səfər edən Qvatemala parlamentinin nümayəndə heyətinin üzvlərinin adları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici ölkə vətəndaşları siyahısına daxil edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva məlumat verib.
O, Qvatemalaya bununla əlaqədar nota göndəriləcəyini bildirib:
“Azərbaycanın Meksikadakı səfiriliyi eyni zamanda Qvatemala ilə münasibətlərə də məsuldur. Meksikadakı səfirliyimiz tərəfindən Qvatmela Xarici İşlər Nazirliyinə bununla bağlı etiraz notası təqdim olunacaq”.
Qeyd edək ki, Qvatemala parlamentinin nümayəndə heyəti dekabrın 7-də Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə gəlib. Qondarma rejimə gələn nümayəndə heyətinə Qvatemala Konqresinin birinci vitse-spikeri Felipe Alexos Lorenza rəhbərlik edib. Məlumata görə, Lorenzanı qondarma rejimin “spikeri” Aşot Qulyan qəbul edib.
Hadisəni dəyərləndirən politoloq Azər Rəşidoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Qarabağa edilən qanunsuz səfərlərin qarşısını almağın yalnız bir yolu var:
“Yeganə yol işğal olunmuş torpaqları azad etməkdir. Başqa cür heç kəs bizə hörmət eləməyəcək”.