YAP-ın öz namizədlər siyahısını açıqlamasını gözləyən iddiaçılar – məqsəd nədir…

05:32 | 10 Dekabr, 2019

Artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı bütün prosedurlar başa çatıb. Seçkinin keçiriləcəyi vaxt elan olunandan sonra görünən budur ki, çoxlu sayda şəxs deputat olmaq istədiyini bəyan edir. Həddən çox iddiaçının olması cəmiyyəti də dərindən düşündürür. Düzdür, müşahidələr göstərir ki, həmin adamların sırasında niyyəti ciddi olmayanlar da çoxdur. Sadəcə, axara düşüb “mən də varam” demək istəyirlər. 

Ancaq cəmiyyətdə kifayət qədər ciddi reputasiyaya malik olan şəxsdən də çoxlu sayda adam parlament seçkilərində iştirak edəcəyini bəyan edib. Maraqlıdır ki, onların çoxuna “namizədliyinizi hansı dairədən elan edəcəksiniz” sualı ilə müraciət edəndə dəqiq cavab vermirlər. Böyük əksəriyyəti də bunu YAP-ın namizədlərini elan etməməsi ilə izah edir. Namizədlərin YAP-la bağlı ortaya qoyduqları gözləntilər nə ilə əlaqəli ola bilər?

  • “YAP-ın namizədliyini gözləmək namizədin öz qüvvəsini götür-qoy etmək baxımından əhəmiyyətlidir”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf  Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezidentin verdiyi fərmandan sonra seçkilərin vaxtı dəqiq müəyyənləşib və bu, cəmiyyətdə müəyyən canlanmaya səbəb olub: “Özündə güc, qüvvət, bacarıq, mənəvi haqq hiss edən hər bir Azərbaycan vətəndaşı öz namizədliyini verərək seçkilərdə öz qüvvəsini sınaya bilər. Bunun üçün ölkədə bütün lazımi şərait yaradılıb. Kim hansı partiyanın namizədini gözləyirsə, onlar da bir taktika ilə hərəkət etmiş olurlar. YAP-ın namizədliyini gözləmək namizədin öz qüvvəsini götür-qoy etmək baxımından əhəmiyyətlidir. Çünki hakim partiyanın mövqeyinin güclü olduğu məlumdur. Həmin partiyanın irəli sürəcəyi namizədlərin kimliyindən də çox şey asılı olacaq. Yəni YAP-ın da bütün namizədləri seçkinin favoriti kimi qəbul olunmayacaq. Buna görə biz kimisə qınaya da bilmərik. Ölkəmizdə parlament seçkiləri çox ciddi bir hadisədir və xüsusilə də budəfəki seçkilərə böyük maraq var. Düşünürəm ki, yeni parlamentin formalaşmasında maraqlı olan bütün qüvvələr öz sözünü deyəcək. Əsas məsələ budur ki, millətimiz üçün, islahatlarımız üçün xeyirli-uğurlu olsun. Cənab İlham Əliyevin bütün istiqamətlər üzrə apardığı inqilabi islahatlar parlamentdən də yan keçmədi. Seçkilərdə namizədliyini irəli sürən hər bir namizədə uğurlar arzulayıram. İnanıram ki, vətəndaş cəmiyyətinin də aparıcı nümayəndələri bu prosesə öz layiqli töhfələrini verəcəklər”.

Mövzunu Facebookda şərh et