Kredit borcuna görə banklar girov əmlakı məhkəməsiz müsadirə edəcək?…

05:47 | 10 Dekabr, 2019

Vüqar Bayramov: “Kredit götürən şəxslərin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə ehtiyac var”

Azərbaycanın bank sektorunda kredit-girov münasibətləri üzrə mühüm yenilik gözlənir. Belə ki, banka girov qoyulan əmlaklar kreditin qaytarılmadığı təqdirdə avtomatik olaraq bankın sərəncamına keçəcək. Bu barədə Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə media nümayəndələrinə açıqlamasında qeyd edib.

O bildirib ki, bu proses notariuslarda icra qeydləri ilə bağlı sadələşdirmənin sayəsində baş tutacaq: “Biz banklar üçün yeni imkanları müzakirə edirik. Qanunvericilikdə artıq dəyişikliklər olunub, ipotekaya məhkəməsiz yönəltmə üzərində banklarla bir yerdə işləyirik. Çünki banklar tərəfindən də çoxlu iş görülməlidir. Bunlar banklarla bizim aramızda sırf texniki məsələlərdir, o da başa çatmaq üzrədir. Bu sahədə gündəlik yüzlərlə müraciət var”.

Qeyd edək ki, əvvəllər kredit götürən şəxs borcu qaytara bilmədiyi halda girov kimi qoyduğu əmlak məhkəmənin qərarından sonra bankın sərəncamına keçirdi. Ancaq indi girov qoyulan əmlak məhkəmə olmadan belə bankın ixtiyarına keçəcək. Ekspertlər bildirirlər ki, banklar uzun zamandır bu qərarın verilməsini gözləyirdilər. Banklar krediti vaxtında ödəyə bilməyən şəxsin əmlakını sərəncamına keçirib, dərhal onu satışa çıxaracaqlar. Bu qərar mütəxəssislərlə yanaşı, vətəndaşları da narahat edir.

  • “Kredit qaytarılmadığı təqdirdə girov qoyulan əmlak avtomatik olaraq bankın sərəncamına keçərsə…”

İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, girov əmlakın məhkəməsiz bankın sərəncamına keçməsi məsələsi əvvəlki dövrlərdə də müzakirə edilən mövzulardan biri olub: “Praktiki olaraq, məsələnin reallaşması üçün bunun həm də kredit müqaviləsində əks olunmasına ehtiyac var. Kredit qaytarılmırsa, girov əmlakın avtomatik olaraq bankın sərəncamına keçməsi məsələsinin, birmənalı şəkildə, kredit müqaviləsində göstərilməsinə və qeyd olunmasına ehtiyac var. Razılıq əldə olunursa, əmlakın satışa yönəldilməsi ilə bağlı qərar qəbul edilə bilər. Bu məsələdə bankları başa düşmək olar. Kredit qaytarılmayan zaman girovun satılıb xərcin ödənilməsi zaman alır, bir sıra hallarda hətta bu, 3 ildən artıq vaxt aparır. Məhkəmə prosedurunun sadələşdirilməsinə ehtiyac var”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu məsələdə vətəndaşların hüquqlarının qorunmasına çalışmaq lazımdır: “Təklif edirik ki, yeni prosedur tətbiq olunarsa, birmənalı şəkildə, müqavilədə vətəndaş da öhdəlik götürməlidir ki, krediti qaytara bilmirsə, girovun birbaşa satışına razılıq verir. Öncədən vətəndaşın razılığının alınmasına ehtiyac var. Bu zaman kredit götürən vətəndaş daha məsuliyyətli olacaq. Krediti götürən zaman qərarına daha ciddi, daha məsuliyyətli yanaşacaq. Çünki problemlərdən biri ondan ibarətdir ki, vətəndaşlar bəzi hallarda öz ödəmə imkanlarını düzgün qiymətləndirmədən və ya qiymətləndirmək istəmədən borc öhdəliyinə girirlər. Nəticədə krediti qaytarmaqda çətinlik çəkirlər. Bu baxımdan bu prosedur həm də kredit müqavilələrinin təkmilləşdirilməsinə və dəyişdirilməsinə gətirib çıxarmalıdır. Kredit müqavilələrinin hazırlanmasına və təklif olunmasına ehtiyac var. Yəni vətəndaş öncədən kredit müqaviləsində belə bir öhdəliyin olması ilə bağlı məlumatlı olmalı və bundan sonra kredit götürməklə bağlı qərar verə bilər. Yəni kredit götürmək onun üçün sərfəlidir, risqlidir və ya cəlbedicidir”.

İqtisadçının fikrincə, məhkəmə prosedurunun sadələşdirilməsinə, asanlaşdırılmasına ehtiyac var: “Digər tərəfdən, kredit götürən şəxslərin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, banklar üçün izafi tranzaksiya xərclərinin azaldılmasına ehtiyac var. Çünki bankın heç də funksiyası əmlak satışı ilə məşğul olmaq deyil. Ona görə də mexanizmin daha yaxşı olması üçün kredit müqavilələrinin də təkmilləşdirilməsinə ehtiyac var. Kredit qaytarılmadığı təqdirdə girov qoyulan əmlak avtomatik olaraq bankın sərəncamına keçərsə, əmlakın birbaşa satışı ilə bağlı öhdəlik də kredit müqaviləsində öncədən əks olunmalıdır. Bu zaman vətəndaş bu öhdəliyi üzərinə götürüb-götürməməklə bağlı özü birbaşa qərar verə bilər”.