Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb – FOTO

22:27 | 12 Dekabr, 2019

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə görüşdə Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını Latviya Prezidenti cənab Eqils Levitsin diqqətinə çatdırdı.
Latviya Prezidenti, öz növbəsində ən xoş arzularıvə salamlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edildi və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olundu.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparıldı. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya Prezidenti cənab Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırdı.

Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğuladı.

Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi apardılar.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.

Mövzunu Facebookda şərh et