Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi – YENİLƏNİB – VİDEO – FOTO

12:37 | 13 Dekabr, 2019

DİN Bakıda yarıçılpaq halda insanlara hücum edənlərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

DİN-dən  bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib.

Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs yarıçılpaq olub və insanlara xəsarət yetirməyə cəhd göstəriblər.

 

Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər.

Milli.Az REAL-a istinadən xəbər verir ki, onların bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, tabe ol əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən buraxmayan iki gənc hətta polisə də yaxınlaşacağı təqdirdə onlara xəsarət yetirəcəyini bildiriblər.

Bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra polis iki xuliqanı saxlayıb və asayiş bərpa olub.