Yaqub Mahmudov: "Rusiya erməni faktorundan imtina etməlidir"

17:40 | 25 İyul, 2017

“Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir”.
bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil: “Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır. Arzu edirik ki, Rusiya Azərbaycanın ərazi məsələlərində təcavüzkar Ermənistanı müdafiə etməkdən əl çəksin. Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq”.
Y.Mahmudov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər: “Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir. Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər”
//Trend