General Əliağa Hüseynov: “Bizim də yaxşı yaşamağa haqqımız var”

13:43 | 14 Yanvar, 2020

V çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynovun adı son bir neçə gündə Bakıda mənzil qalmaqalında hallanır.

Məsələ Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrə istinadən məhkəməyə üz tutmalarından sonra yenidən diqqət mərkəzinə qayıdıb.

 

Binadakı 12 mənzilə aid müqavilələr Əliağa Hüseynovun həyat yoldaşının və qızının əllərində olsa da, faktiki həmin mənzillərdə və alqı-satqı müqavilələri ilə digər vətəndaşlar yaşayır. Həmin vətəndaşlar Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.

 

məsələ ilə bağlı açıqlama verən sabiq deputat Əliağa Hüseynov bildirib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb: “12 il bundan qabaq oğlum, qızım kürəkənim bir yerdə ev almışıq. Sənədlərim də əlimdədir. O gündən indiyə kimi evimizi bizə vermirlər. Çünki bizim evi 4-5 adama satıblar. Məsələn, biz evin kvadratını 1000 manata almışıq, onlar 500 manata. İndi də evi 500 manata alanlara verirlər. Bütün binanı satıblar. İndi biz səsimizi çıxarmayaq, haqqımızı istəməyək?!  Bizim əlimizdə sənəd var, onların əlində isə yoxdur”.

 

Əliağa Hüseynov adının mənzil qalmaqalında hallanmasına bu cür reaksiya verib: “Haqqımda çox şeylər yazırlar. Əslində, hamı haqqında yazırlar. Təkcə mənim haqqımda yazmırlar ki! Yaxşı işləri görmürlər, elə ki, hardasa  kiçik nöqsan oldu, dərhal onu yazırlar. Belə olmaz axı! Dünyaya da baxmaq lazımdır. Təbii fəlakətlərdən kimsə sığortalanmayıb. O boyda Avstraliyada heyvanlar məhv oldu. Yaxud da İran təyyarəni səhvən vurdu. Biz nə edə bilərik?! İnsanların zəhmətini yeri vurmaq doğru deyil. İşləmişik, zəhmət çəkmişik, evsiz yaşamayacağıq ki!”.

 

General onu da əlavə edib ki, yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmalıdır: “Hamı komalardan çıxıb yaxşı evlərdə yaşayır. Sevinməliyik ki, hamımız komalardan çıxmışıq. Heydər Əliyevin hesabına  əlimiz çörəyə çatıb, dövlətimiz güclü dövlətdir. Xarici ölkələrin vətəndaşlarından da yaxşı yaşayırıq. Allah cənab Prezidentimizə can sağlığı versin. Yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmaq istəyir. Ölkəmizdə hamı firavan yaşayır. Bizim də yaxşı yaşamağa haqqımız var”.

 

Qeyd edək ki, hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Modern.az