İraqda hansı ölkənin nə qədər hərbi gücü var? – TƏHLİL

14:41 | 17 Yanvar, 2020

Qasım Süleymani və “Həşdi Şabi” komandanlarından Mehdi əl-Mühəndisin Bağdad hava limanında ABŞ ordusu tərəfindən öldürülməsindən sonra əcnəbi hərbçilərin İraqdakı mövcudluğu məsələsi yenidən gündəmə gəldi. 

Bundan bir neçə gün sonra İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkə ərazisindən çıxarılması ilə bağlı qərar qəbul etdi. Lakin Vaşinqton elan etdi ki, İraqdakı qüvvələrini geri çəkmək niyyətində deyil. Lakin İraqda xarici hərbi qüvvələrin çıxarılması tələbləri getdikcə daha da güclənir.

Bu hadisədən bir neçə gün sonra, yanvarın 8-də İran ordusu İraqdakı ABŞ və beynəlxalq hərbi koalisiyaya məxsus hərbi bazarları raket atəşinə tutdu. Bütün bu hadisələr İraqdakı xarici ölkə hərbi bazaları mövzusunu aktuallaşdırdı.

Bəs hazırda dünyanın bu narahat və təhükəli ölkəsində hansı ölkənin nə qədər hərbi qüvvəsi var?

Məlum olduğu kimi, 2003-cü ildə İraq ABŞ və Böyük Britaniya hərbi qüvvələri yeridilib, ölkədə mövcud Səddam Hüseyn rejimi devrilib və İraq ərazisi tamamilə nəzarətə götürülüb. Daha sonra İraqda sabitliyin əldə olunması məqsədilə NATO missiyası tərkibində beynəlxalq koalisiya qüvvələri cəlb olunub.

Bu qüvvələrin tərkibində bir çox ölkələrin, o cümlədən, Azərbaycan Müdafiə Nazirliyinin hərbçiləri də İraqda asayişin qorunmasında iştirak edib. Ancaq sonradan bu missiya başa çatıb və ölkələr, o cümlədən, ABŞ 2011-ci ilin dekabrında hərbi qüvəvlərini İraqdan çıxarıb. Pentaqon İraqda yalnız təlim və mühafizə məqsədilə hərbçilər saxladığını elan edib.

Lakin 2014-cü ildə İŞİD-in yenidən fəallaşması ilə İraqa beynəlxalq hərbi koalisiya yaradldı və dərhal sonra ABŞ və eləcə də bir sıra region ölkələri hərbi qüvvə göndərdi. Məsələn, həmin vaxt ərəb mediası iraqlı kürd siyasətçi Şahavan Abdullaha istinadən İraqda 30 min iranlı hərbçinin olduğunu yazırdı.

İraqlı siyasətçi iddia edirdi ki, iranlı hərbçilər “Həşd Şabi” tərkibində əməliyyatlara qatılır. İran isə bu məlumatları təkzib edir, İraqda yalnız hərbi təlimatçıların olduğunu bildirirdi. 2017-ci ildə İraqda İŞİD-in məğlub edilməsindən sonra bu ölkədə nə qədər iranlı hərbçi olduğu dəqiq bilinmir.

İraqda hərbi qüvvəsi olan başqa bir qonşusu isə Türkiyədir. Türkiyə 2014-cü ildə həm İŞİD-ə qarşı mübarizə aparan Peşmərgə qüvvələri və tayfa döyüşçülərinin hazırlanması, həm də PKK qüvvələrinə qarşı mübarizə məqsədi ilə bir neçə hərbi baza yaradıb. Bunlardna ən böyüyü və məşhuru Başika hərbi təlim düşərgəsidir. Ümumilikdə fərqli vaxtlarda Türkiyənin İraq ərazisində müxtəlif təyinatlı 2500 hərbçisinin olduğu güman edilir.

İraqda ən çox hərbi qüvvə saxlayan ölkə ABŞ-dır. Ümumilikdə Yaxın Şərq regionunda 60-70 min arası ABŞ hərbçisinin olduğu ehtimal olunur ki, bunun da rəsmi rəqəmlərə əsasən 5300 nəfəri İraqda yerləşdirilib.

İraqdakı ABŞ hərbçiləri doqquz hərbi bazada yerləşdirilib. Bundan başqa, Şimali İraq Kürd Administrasiyası ərazisində Amerika bazası var. Bunlardan ən əsası Ərbil şəhərində yerləşən Hərir Hərbi Hava bazasıdır.

Suriya ərazisinə yaxın olan Hərir bazası bölgədəki antiterror əməliyyatlarının həyata keçirilməsi üçün ən əlverişli yerdir. Ərbil hava limanında isə İŞİD əleyhinə beynəlxalq antiterror koalisiyasına üzv ölkələrin hərbçiləri yerləşdirilib.

Rusiyanın İraqda hərbi bazası olmasa da, Bağdad şəhərində yerləşən İŞİD əleyhinə İran, İraq, Suriya və Rusiyanın birgə əməliyyat qərargahında rus hrəbçiləri fəaliyyət göstərir.

ABŞ ən yaxın müttəfiqi hesab olunan Böyük Britaniyanın hazırda İraqda 400-ə yaxın hərbçisinin olduğu güman edilir. İŞİD-lə mübarizə dövründə bu rəqəm 1400 olsa da, hazırda azalıb.

Fransanın hazırda İraqda 300 hərbi qulluqçusunun olduğu güman edilir. Ümumilikdə Fransanın Suriyadakı xüsusi təyinatlıları da daxil olmaqla, iki ölkədə 1200 hərbçisinin olduğu bildirilir.
Almaniya ordusunun hərbçiləri əsasən İraq ordusu və Peşmərgə (Şimali İraq Kürd Administrasiyası hərbi qüvvələri – müəllif.) qüvvələrinə hərbi təlim keçir. Almaniyanın ümumilikdə İraq ərazisində 130 hərbçisinin olduğu güman edilir.

Bu ölkələrlə yanaşı, İtaliya, Hollandiya, Danimarka, İsveç, Norveç və Belçikanın da İraqda müxtəlif sayda hərbi qulluqçusu var.

Təbii ki, bu rəqəmlər İraqda necə deyərlər, leqal, açıqlanan hərbçi sayıdır. Ehtimal etmək olar ki, bu ölkələrin coğrafiyası daha geniş, əsgər sayı isə daha çoxdur. Doğrudur, hazırda İraqda 2003-ci ildə olduğu kimi ABŞ-ın 200 min hərbçisi yoxdur.

Ancaq İraq hələ də dünyanın ən təhlükəli və xaos, terror riskinin böyük olduğu ölkələr siyahısındadır. Bu səbəbdən də hazırda müxtəlif ölkələr hərbi və kəşfiyyat gücünü bu ölkəyə yerləşdirib. Aralarında ciddi ziddiyyət və münaqişə olan ölkələrin İraqa yerləşməsi isə bu ölkədə iğtişaş və xaos riskinin yüksək olmasına səbəb olur.