Gəncədə əməliyyat: Polis yaralandı

16:48 | 17 Yanvar, 2020
Gəncə şəhərində silahlı şəxs polisə xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub.
Daxil olmuş məlumat ilə əlaqədar Ə.Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılıb BPİ-yə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə, bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.
Şübhəli şəxs saxlanılaraq BPİ-yə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb.
Ə.Məmmədova məxsus “Nissan-Maxima” markalı avtomobildən isə soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər, 1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron, bir ədəd sandıqca və 1 ədəd selofan bükülüdə çəkisi 9.5 qram psixotrop maddə hesab edilən “metamfetamin” aşkar olunub. Davam etdirilən tədbirlərlə Ə. Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olması müəyyən edilərək saxlanılıb. İlkin dindirilmə zamanı o, Əli Məmmədovdan narkotik maddə almaq üçün görüşdüyünü etiraf edib.