İcra başçısı Musa Şəkiliyev öz kabinetini seçki qərargahına çevirib: “Qaxın deputatını mən seçirəm, camaat yox”

22:55 | 18 Yanvar, 2020

Son günlər Qax rayonunda seçki fəallığı ən pik vəziyyətdədir. 112 saylı Qax seçki dairəsindən namizədliyi irəli sürülmüş 9 şəxsən hələ ki, 2 nəfərin təbliğat təşviqat materiallarına, xüsusən də qaxlılarla görüşlərinə dair məlumatlara internet saytlarda və sosial şəbəkələrdə rast gəlmək mümkündür. Onlardan biri Azər Kərimli, digəri isə Əhməd Şahidovdur.

Hüquq müdafiəçisi Əhməd Şahidov sosial şəbəkələrdə video müraciətlər edir, ayrı-ayrı ailələrdə görüşlər keçirir və daha çox “Qapı-qapı” prinsipi üzərində öz təbliğatını qurur.

Azər Kərimlinin görüşləri isə inzibati resurslarla tənzimlənir. Belə ki, Qaxda yerləşən El Resort Hotelində hər gün bir qrup qaxlı ilə görüşlər keçirən Azər Kərimli rayon idmançıları və məktəb müəllimləri ilə görüşlər keçirib. Qax rayonunun icra başçısı Musa Şəkiliyevin tapşırığı ilə təşkil olunan bu görüşlərdə rayonun ayrı-ayrı idarə və müəssisələrinin rəhbərləri əsas təşkilatçılardır.

Belə ki, Qax rayonu Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramovun birbaşa təşkilatçılığı ilə ötən gün El Resort Hoteldə qaxlı idmançılarla görüş keçirilib. Bundan başqa, Qax Peşə Liseyinin direktoru Kamal Muxtarlının təşkilatçılığı ilə rayon məktəblərinin müəllimləri kütləvi surətdə Azər Kərimlinin görüşünə cəlb olunur və bunun üçün nəqliyyat vasitələri də ayrılıb.

Redaksiyamıza daxil olan digər məlumat isə Qaxın icra başçısı Musa Şəkiliyevin öz kabinetini Azər Kərimlinin seçki qərargahı kimi istifadə etməsidir. Belə ki, hər gün səhər tezdən işə gələn icra başçısı rayonun sosial-iqtisadi durumu və Ölkə Başçısı Cənab İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələlərlə məşğul olmaq əvəzinə, ilk növbədə Azər Kərimlinin görüşlərinin gedişi ilə maraqlanır, sosial şəbəkələrdə Azər Kərimlinin əleyhinə şərhlər yazan qaxlıların siyahısının tutulub, sonradan onları “işdən çıxarmaqla” qorxudulmasını şəxsən təşkil edir.

Görünür, icra başçısı Musa Şəkiliyev Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin “HEÇ KİM “ƏNƏNƏVİ QAYDALARA” ÜMİD ETMƏSİN…” bəyanatını qulaq ardına vuraraq, Azərbaycan Dövlətinə meydan oxumaqda qərarlıdır.

Mövzunu diqqətdə saxlayacayıq.

Qax.org.az