Matəm günündə də şou yaratmaq istədilər

12:48 | 21 Yanvar, 2020

Dünən Ümumxalq hüzn günü – 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar “Milli Şura” adlanan qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam-intizamı təmin edən hüquq mühafizə orqanlarının nümayəndələri ilə qarşıdurma yaratmağa çalışıblar.

Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam-intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxıb.

Sübh tezdən Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirbər.

Öz tərəfdaşları ilə Şəhidlər Xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.

AXCP sədri və bloqer Əli Kərimli tərəfdarlarını inandırmağa çalışır ki, cürətlidir, qorxmazdır, mətindir, iradəlidir və ən nəhayət, qətiyyətlidir. Əksi olardısa, Şəhidlər Xiyabanına yollanmaz, orada durmazdı.

Daha sonra, yəni həmişə olduğu kimi, Facebook-dakı səhifəsində cahanşümul qəhrəmanlıq edən Ə.Kərimli yazıb ki, bəs Milli Şura və AXCP rəhbərliyinin bu çoxminlik izdihamla ziyarətinə mane olmaq üçün “hakimiyyət Şəhidlər Xiyabanında növbəti polis əməliyyatı keçirdi”: “Bizi əvvəlcə saat yarım mənasız yerə gözlətdilər. Xeyli adam (xəstələr, yaşlılar, uşaqlar) dözə bilməyib geri qayıtdı. Sonra da polis əməliyyatı ilə bu izdihamı çoxsaylı xırda qruplara böldülər. Rejim növbəti anti-xalq addımını atıb, cılızlığını bir daha nümayiş etdirdi. Xalqımız isə yenə öz ucalığını saxladı. Qədirbilən xalqımıza təşəkkür edirəm”.

Xeyli poetik, romantik, riqqətli bir açıqlamadır. Sən demə, hakimiyyət, yəni Əli Kərimlinin təbirincə desək, “rejim” dünən “Milli Şura” adlı marionet strukturun və adı qalıb, özü getmiş AXCP-nin üzvlərinin Şəhidlər Xiyabanındakı ziyarət aksiyasına mane olmağa çalışıblar.

Əvvəla, Ə.Kərimlinin diqqətinə ərz etmək gərək ki, onun “rejim” adlandırdığı dövlət bir dəstə siyasi fəalın və onları idarə etdiklərini düşünən özüyeriyən karikaturaların aksiyasından təşvişə düşəcək qədər zəif deyil.

Əsla. Tam əksinə, AXCP bloqer sədrinin, Müsavatın təsərrüfat müdirinin, “Milli Şura”nın salnaməçi ağsaqqalının və qeyri-siyasi panoptikum eksponatlarının bir yerə cəmləşərək nəsə etməyə çalışmaları Bakı sakinləri üçün çoxdan bəri maraqsız əyləncədir.

Azərbaycan müxalifətində özünü lider sayanların davranışında məntiq axtarmaq mənasız işdir. Bu iş sizi yora bilər. Çünki aranan o məntiq yoxdur. Nə baş verirsə – realdır. Baş verməsinə ümid etdiyiniz, yaşanacağını gözlədiyinizsə – real deyil. Azərbaycandakı vəziyyət, yaşamınız yox, öz dəyərlər sisteminiz və gözləntiləriniz sizi pərişan edəcək. Problem bizdə və ya siyasətdə yox, siyasətdə olduqlarını düşünən insanların davranışlarına hələ də inanan insanların növbəti dəfə aldanmalarını asanlıqla həzm etməsindədir.

Şəhidlər Xiyabanının ziyarətinə az qala iki həftə əvvəl hazırlaşmağa başlamış AXCP rəhbərliyi və “Milli Şura” mənsubları sosial şəbəkələrdə az qala akrobatik hərəkətlər icra edərək “milyonların dəstəyi”indən bəhs edən, “Xalq oyanıb!” yazıb “emocilər” sıralamasında “Hurrey!” arayan, tapmayanda ruhdan düşməyib səfdaşlarını “layklayanlar” vəcdə gəlmişdilər.

Bəs nə – Bakını indiyədək misli görünməmiş humanitar olay, siyasi qətiyyət və vətəndaş iradəsi nümayişi gözləyirdi, sən demə.

Əslində isə  aksiyanın “animator”luğunu Əli Kərimli etdiyindən, onun ötən ilin yanvarın 20-də Şəhidlər Xiyabanında reallaşdırdığı “say artırma” cəhdinin yenidən təkrarlanacağı, sosial şəbəkələrdə sonradan “mənimlə gələn on minlərlə insanın qarşısını belə aldılar” tipli əl-qol ölçməli izahatlar bugünkü yürüşün nə olacağını tam təxminləməyə imkan verirdi.

Tamam, gərçi Əli Kərimli belə “lider”dirsə, bəs onda nədən onun arxasınca on minlərlə insan axışmadı?! Bu insan seli olsaydı, vətəndaşlarımızın qarşısını kim kəsə bilərdi ki?!

Effektiv siyasət, real müxalifətçilik belə olmur, cənablar.

Şəhidlər Xiyabanını ziyarəti siyasi aksiyaya döndərmək cəhdi isə, ümumiyyətlə, siyasi şarlatanlıqdır.

Bir daha bəyan edirəm: Azərbaycanın gerçək, normal müxalifətə ciddi ehtiyacı var.

Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Nurəddin Məmmədli, Gültəkin Hacıbəyli təki uğursuz, nüfuzlarını tamamən itirmiş, reallıqla virtuallığı səhv salmış zatlar olmadan.

İllərdən, onillərdən bəri dəyişməyən ifadələr, klişeyə dönmüş sözlər, iddialar, bəlağət. Ambisiyaların real imkanlardan, arzuların gerçəkdən dəfələrlə böyük olduğunu göstərən cığallıq və zavallılıq nişanələri.

Əli Kərimli “polislər aqressiv davranır və bu, vətəndaşlarımızın haqlarının, canlarının təhlükədə olduğunu göstərir” dedi. Deyir ki, sən demə, “rejim” ondan çəkinirmiş.

Belə marazmatik açıqlamalarla, absurd iddialarla siyasət “yapdığını” düşünənlərin hallarına acımamaq olmur.

Mövzunu Facebookda şərh et