Vüsal Qasımlı: “Davos Azərbaycanın tanıdılması və ixrac imkanlarımızın artması baxımından əlverişli platformadır”

14:11 | 21 Yanvar, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Azərbaycanın bu mötəbər toplantıda ali səviyyədə iştirakı ölkəmizin qlobal təqdimatıdır.

Editor.az Trend-ə istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Davos İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə müsahibə verib.

– Bu il Davosda steykholder kapitalizmi əsas trendə çevrildi. Xahiş edirik ki, bunun mahiyyətini izah edərdiniz?

– Dünya səhmdar kapitalizmindən steykholder kapitalizminə keçir. Səhmdar kapitalizmi dedikdə, səhmdarlardan kapital toplayan məhdud məsuliyyətli təşkilatın əsas olduğu iqtisadi sistem başa düşülür. Ötən əsrin 80-ci illərində səhmdar kapitalizmini müdafiə edən iqtisadçı Milton Fridman deyirdi ki, bu yolla səhmdarlardan vəsait toplayan müəssisələr mənfəət əldə edib dövlətə vergi verirlər. Hazırda isə səhmdar kapitalizmin tənqidçiləri hesab edirlər ki, belə müəssisələr yalnız səhmdarlarının maraqlarına işləyirlər, qısamüddətli mənfəəti uzunmüddətli investisiyalardan və dayanıqlı inkişafdan üstün tuturlar. Hətta İngiltərə Bankının baş iqtisadçısı Andy Haldane deyir ki, səhmdar kapitalizmi “özü-özünü yeyir”. Çünki səhmdarlar səhmin qiymətinin maliyyə bazarlarında yüksək qalmasına çalışırlar, belədə udan yalnız maliyyə vasitəçiləridi. Səhmdar kapitalizmi cəmiyyətdə bərabərsizliyi gücləndirir, tez qazanc məqsədilə ətraf mühitə mənfi təsir edir. Buna görə də Davos İqtisadi Forumunun lideri Şvab steykholder kapitalizmi ideyasını sürəkli şəkildə müdafiə edir. Steykholder kapitalizmində isə şirkət bütün maraqlı tərəflərə (steykholderlərə) xidmət edir. Bura şirkətin müştəriləri, təchizatçılar, işçilər, səhmdarlar və yerli icmalar daxildir. Təsəvvür edin ki, dünyanın indi gəldiyi bu nəticəni Azərbaycan milli burjuaziyası bir əsr öncə neft bumu zamanı Tağıyevlər, Nağıyevlər, Əsədullayevlər və başqa mesenatların timsalında nümayiş etdirmişdi. Bu gün də Azərbaycanın bir sıra şirkətləri cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın çağırışına cavab verərək, sosial məsuliyyətlərini anlayaraq davamlı inkişafa xidmət edən xeyriyyəçiliklə məşğuldurlar. Hər bir özəl sektor nümayəndəsi başa düşməlidir ki, biz bir gəminin içərisindəyik və nə qədər yerli icmaya, istehlakçıya, ətraf mühitə və davamlı inkişafa sərmayə qoysaq hamımız udacağıq. Biz yanaşmanı sıfır-cəmli (zero-sum) oyundan qələbə-qələbə (win-win) formatına keçirməliyik. Əsas mənfəətin çoxluğu deyil, dəyər olmalıdır. 2018-ci ildə Bank of America Merrill Lynch-in hesablamalarına görə daha yaxşı ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə əməl edən şirkətlərin gəlirləri daha yüksək olub, səhmlərinin qiyməti artıb və müflisləşmə təhlükəsindən uzaq olublar. Dünyanın ən varlı adamlarından olan Bill Qeyts özü də etiraf edir ki, onun bu qədər varlı olması ədalətli deyil, bu görə də xeyriyyəçiliklə məşğul olub davamlı inkişafa dəstək verir.

Hətta korporativ qlobal vətəndaşlıq anlayışı yaranıb. Yəni təkcə öz steykholderlərinə deyil, məsələn, qlobal çağırışların həlli üçün də sərmayə yatırılır. Birinci Vitse-Prezidentimizin təşəbbüsü ilə dünyanın müxtəlif yerlərində təhsilə, səhiyyəyə, ətraf mühitə, tarixi abidələrin bərpasına verilən dəstək onu göstərir ki, Mehriban xanım qlobal vətəndaş nümunəsidir və bu Davosun builki müzakirə mövzusu ilə səsləşir.

– Davosda qlobal iqtisadiyyatın əsas çağırışları və həll yolları da müzakirəyə çıxarılır. Bu barədə nə deyə bilərsiniz?

– Davos Forumunun rəsmi açılışından bir gün əvvəl – yanvarın 20-də Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya İqtisadi İcmalı”nı təqdim etdi. Dünya iqtisadiyyatı nisbətən sabitləşsə də, qlobal artım yavaşdır. Yeni proqnozlar iqtisadi böyüməni 2019-cu ildə 2,9%, 2020-ci ildə 3,3% və 2021-ci ildə 3,4% səviyyəsində qiymətləndirir. Hansı ki, bu əvvəlki proqnozlardan daha aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici fərqlidir. 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2,2 % olduğu halda, inkişaf etməkdə olan Avropa ölkələrində 1,8 %, Latın Amerikası və Karib hövzəsində 0,1 %, Yaxın Şərq və Mərkəzi Asiyada 0,8 % olub. Keçən il Azərbaycan 2,2 %-lik iqtisadi artım tempi ilə həm də Rusiya (1,1 % artım) və Səudiyyə Ərəbistanı (0,2% artım) kimi karbohidrogenlə daha zəngin ölkələri geridə buraxıb. İnkişaf etməkdə olan ölkələrin arasında daha sürətlə iqtisadi artım tempinə görə Çin, Hindistan və ASEAN ölkələri öncül yerləri tutur. Bu konteksdə cənab Prezident Azərbaycanda iqtisadi artım tempinin daha da sürətləndirilməsini qarşıya əsas vəzifə olaraq qoymuşdur.

Belə şəraitdə Azərbaycan kimi inkişaf etməkdə olan və əhalisi daha sürətlə artan ölkələrdə dayanıqlı inkişafın təmin edilməsi bir çağırış olaraq qarşıda dayanır. Bu mənada ölkəmizin təcrübəsinin Davos platformasında müzakirəyə çıxarılması əhəmiyyətlidir. Kapitalizm və qloballaşma barədə tənqidlərin yüksəldiyi bir vaxtda dünya iqtisadiyyatı ticarət müharibələri, qeyri-bərabərlik və geo-siyasi qeyri-müəyyənliklərdən əziyyət çəkir. Məhz Azərbaycan liderinin də qatıldığı Davos platforması bu vəziyyətdən çıxış yolu kimi “yaşıl inkişafı” və texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasını tərcih edir.

“Avrasiya: Strateji baxış” adlı paneldə müzakirə olunacaq ki, Mərkəzi Asiyada əhalinin 1/3-nin 15 yaşdan az olması bir tərəfdən çağırışlar, digər tərəfdən imkanlar yaradır. Bu müzakirələrdə Azərbaycan lideri Avrasiyada geosiyasi gərginliklər fonunda iqtisadi imkanların yaradılması və texnoloji transferin sürətləndirilməsi kimi mövzularda öz mülahizələrini bölüşəcək.

İnkişaf etməkdə olan ölkələrdə maliyyə şərtləri yumşalır, uçot dərəcələri və xarici borclanma xərcləri azaldılır. Azərbaycan Mərkəzi Bankı da bu il pul-kredit siyasətini daha da yumşaldacaq və qısamüddətli faizlərin düşməsinə çalışacaq. BVF inkişaf etməkdə olan ölkələrə aşağı inflyasiyanı əsas götürüb monetar dəstəyi gücləndirməyi təklif edir. Eyni zamanda fiskal konsolidasiyanı, davamlı inkişaf məqsədlərinə xidmət edilməsini, xüsusən səhiyyə və təhsilə sərmayə qoyuluşunu, müəssisələrin bazara çıxışının dəstəklənməsini məsləhət görür. Azərbaycan strateji yol xəritələri çərçivəsində bütün qlobal çağırışlara adekvat reaksiya verir.

– Azərbaycan Davos İqtisadi Forumunun inteqrativ və dayanıqlı inkişaf gündəliyinə nə dərəcədə uyğun siyasət yürüdür?

İqlim dəyişikliyi, kiber cinayətkarlıq, ticarət müharibələri kimi qlobal fenomenlər, həmçinin 4-cü Sənaye İnqilabının çağırışları dünyanı təhlükələrə qarşı daha həssas vəziyyətə gətirir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə inteqrativ və dayanıqlı inkişafa nail olunub. Azərbaycan siyasi sabitlik, əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiyanın dəyərlərinin vahid məkanda birləşdiyi ölkədir. İnteqrativ identikliyi təşviq edən və inklüzivlik prinsiplərinə əsaslanan islahatların idarəedilməsi modelinin formalaşdırılması nəticəsində ölkəmizdə makroiqtisadi dayanıqlığın təmin edilməsi və davamlı inkişafa nail olunması mümkün olmuşdur. 2018 və 2019-cu illərdə Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında ardıcıl olaraq 2 dəfə “top 10 islahatçı” və “top 20 islahatçı” ölkələr sırasında yer alması da bunu təsdiq edir. Eyni inkişaf və islahat göstəricilərini digər mötəbər hesabatlar, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı” və “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi” hesabatının nəticələri də təsdiq edir.

Biz inklüziv cəmiyyət quruculuğuna təkcə yüksək iqtisadi artımla deyil, həm də ətraf mühitin mühafizəsi kimi yüksək iqtisadi və mənəvi dəyərlərin təşviqi ilə nail oluruq. Prezident İlham Əliyev 2019-cu ili böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinin şərəfinə “Nəsimi ili” elan etmişdi. Hansı ki, Nəsimi fəlsəfəsinin əsasında məhz “kamil insan” dayanır. 4-cü sənaye inqilabı şəraitində kamil insan isə özündə yüksək intellektual potensialla dərin mənəviyyatı birləşdirir. Nəsimi ili çərçivəsində ölkə ərazisində Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 1 gündə 650 min ağac əkildi. Bu isə bizim mənəvi uzlaşmanı, ətraf mühitə münasibəti, sosial dayanışmanı dayanıqlı iqtisadi inkişafla sıx vəhdətdə inkişaf etdirməyimizin uğurlu örnəklərindəndir.

Baxmayaraq ki, iqtisadiyyatımızın əsas maliyyə mənbəyi hələ ki, karbohidrogen resurslarının istismarı ilə bağlıdır, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalamışıq. Biz bu qlobal təşəbbüsə qoşulmaqla ətraf mühitin qorunmasının bizim üçün əhəmiyyətini və qlobal dayanıqlı inkişafa sadiqliyimizi nümayiş etdirdik. Azərbaycan həmçinin, kosmik ailənin azsaylı üzvlərindəndir və biz süni peyklərimizin imkanlarından ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə edilməsində da istifadə edirik. Təsadüfi deyildir ki, aparılan qiymətləndirmələrə əsasən istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında MDB ölkələri arasında ən yüksək effektivlik göstəriciləri Azərbaycana məxsus olmuşdur.

Azərbaycan Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən dünyada gəlirlərin bərabər paylanması göstəricisinə (Gini indeksi) görə ən yaxşı göstəriciyə malikdir. Biz “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, sosial uzlaşmanın gücləndirilməsi, bərabərsizliklərə qarşı tədbirlər görmək məqsədilə çoxsaylı beynəlxalq və regional təşəbbüslərin fəal iştirakçısı olmuş və dövlət proqramları icra edirik. Bunun nəticəsidir ki, son 16 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 9 dəfə, işsizlik səviyyəsi isə 2 dəfəyə yaxın azalmışdır. Bu baxımdan 2019-cu il xüsusilə önəmli oldu və kompleks idarəetmə islahatları ilə birgə, ölkə tarixinin ən irimiqyaslı sosial islahatları həyata keçirildi. Bu bir tərəfdən hazırki iqtisadi inkişafa xidmət edirsə, digər tərəfdən də bizim gələcək nəsillərin, xüsusilə də insan kapitalının inkişafı üçün olan investisiyamızdır. Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ölkələri ilə müqayisədə də bizim əhalimizin sayında gənclərin xüsusi çəkisi 7 faiz daha çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu müstəqillik dövründə dünyaya gəlmişdir. Yeni cəmiyyət quruculuğu bizdən həm də nəsillərin dəyişimi amillərini, onların həyata və işgüzar mühitə dair baxışlarını nəzərə almağımızı tələb edir. Buna əsasən, idarəetmənin bütün spektrlərində gəncləşmə siyasəti aparılır. Artıq gələcək idarəetmə “Z-nəsli” və “Minilliyin nəsli”nə məxsusdur və onların idarəetməyə cəlb olunması Azərbaycanın 4-cü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm əhəmiyyətə malikdir.

– Prezident İlham Əliyev hər il olduğu kimi bu il də Davos İqtisadi Forumunda iştirak edir. Azərbaycanın bu tədbirdən gözləntiləri nədir?

Əvvəla, cənab Prezident bu platformada qlobal gündəliyin formalaşmasında birbaşa iştirak edir. Eyni zamanda bu platformada cənab Prezident öz çıxışları və görüşləri ilə Azərbaycanı dünyaya təqdim edir. Davosa təşrif buyuran minlərlə iş adamı Azərbaycan barədə ən ali səviyyədə təqdimatı görməklə ölkəmizin haqqında müsbət fikir formalaşır, ölkəyə sərmayə cəlbi stimullaşdırılır. Hər il Davosda keçirilən görüşlərin ardından yüksək texnologiyalara sahib olan şirkətlər Azərbaycana gəlir və sərmayə yatırırlar. Davos Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarımızın artması baxımından da əlverişli platformadır.

– Bu gün dünya dördüncü sənaye inqilabını yaşayır. Süni intellekt (AI), blokçeyn, kriptovalyutalar, robotlar, dronlar və dəqiq tibb kimi inkişaf etməkdə olan texnologiyalar həyatı sürətlə dəyişir, müəssisə və cəmiyyətləri transformasiya edir. Bəs, Azərbaycan sürətlə inkişaf edən texnologiyalarla ayaqlaşa bilmək üçün nə edir?

Bu gün elmi və texnoloji yeniliklər ənənəvi iqtisadiyyatları və sənayeni reformat edir, coğrafi hüdud anlayışını tarixə qatır, mövcud tənzimləyici çərçivələri dəyişir və hətta insan olmağın nə olduğunu yenidən sual altına qoyur. Azərbaycan dünyada sürətlə davam edən dəyişikliklərə çevik reaksiya vermək və Dördüncü Sənaye İnqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün son illər ərzində qabaqcıl texnologiyaların dövlət və özəl sektorda tətbiqi və təşviqinə başlamışdır. Hələ ötən il Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşəndə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Bu əməkdaşlıqla, Azərbaycan regionda rəqəmsal ticarət və sərhədlərarası məlumat axını üzrə regionun lideri olmağı qarşısına məqsəd qoymuşdur.

Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun olaraq yeni texnologiyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal Ticarət Konsorsiumu yaradılıb. Rəqəmsal Ticarət Konsorsiumun üzvü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkə rəhbəri tərəfindən əsası qoyulmuş və dünyada unikal layihə hesab edilən “Digital Trade Hub” (DTH) portalını yaratmışdır. DTH dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim etmişdir. Konsorsiumun infrastruktur üzrə icraçı şirkəti AzərTelekom Azərbaycanı regionda rəqəmsal mərkəzə çevirəcək Xəzər altı fiber-optik internet xəttlərinin çəkilməsinə başlamışdır. Layihə Rəqəmsal İpək Yolu olaraq bilinən Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmağı qarşısına məqsəd qoymuşdur. Konsorsium çərçivəsində Azərbaycanda həyata keçirilən başqa bir yenilik məsafədən bank hesablarının açılması və idarə edilməsi olmuşdur. Xidmət coğrafi hüdud anlayışını maliyyə və bank sektorunda da mücərrəd etmişdir. Konsorsiumun biznes üzvləri də fəaliyyət sahələri üzrə yeni rəqəmsal həllər təqdim etmiş, virtual ünvan və virtual köməkçi kimi yeni məhfumlar Azərbaycanın biznes mühitinə daxil edilmişdir. Bütün qeyd olunan yeniliklərin tətbiqi paylanmış ledger texnologiyalarının və X-Road sisteminin tətbiqi ilə həyata keçirilmişdir.

Qeyd edilən bu təşəbbüslər və Azərbaycanda son illərdə informasiya texnologiyaları sahəsində görülən bütün işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2019-cu ildə Azərbaycan BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Komisiyası ticarətin asanlaşdırılması və kağızsız ticarətin aparılması üzrə tədqiqatında dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə lider olmuşdur. Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50%, kağızsız ticarət üzrə 85.19%, institusional tənzimləmə və əməkdaşlıq üzrə 88.89%, formallıq üzrə 91,67%, şəffaflıq üzrə isə 93.33% olmaqla ümumilikdə 81.72%-lik göstərici əldə etmişdir. Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Ölkəmiz rəqəmsal ticarətin və sərhədlərarası məlumat mübadiləsinin təşviqi, rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, Rəqəmsal Ticarət Qovşağı, Yaşıl Dəhliz və s. sahələrdə aparılan uğurlu islahatlar fonunda öz göstəricisini 2015-ci ildən bu yana 33.23% yaxşılaşdırmışdır.