Xəzərin sahilini çirkləndirən vəzifəli şəxslər cəzalandırıldı

16:01 | 31 İyul, 2017
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin ötən dövrü ərzində birgə keçirilmiş tədbirlər zamanı paytaxtın Səbail, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozmuş 34 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilən cərimələr 42.850 manat təşkil edib.
Məlumatda həmçinin qeyd olunur ki, ümumilikdə cari ilin ötən dövründə şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozmuş 445 nəfər inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilən cərimələr 71.200 manat təşkil edib.