Bakıda yol polisi qəzaya səbəb oldu — VİDEO

13:33 | 4 Fevral, 2020

Bu gün Bakının böyük prospektlərindən birində yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Heydər Əliyev prospektində polislər yolu bağlayıblar. Nəticədə saatda 90 km sürətlə hərəkət edən avtomobillər bir-birinə çırpılıb.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu hadisə araşdırılmalıdır. Araşdırmalardan sonra hadisə ilə bağlı konkret söz demək olar.

Yol polisi yüksək sürətli yolda piyadaların hərəkəti üçün avtomobillərin hərəkətini dayandıra bilərmi?

Kamran Əliyev bildirib ki, bunun özü də təhlükəli məqamlardan biridir.

“Piyada yolun hərəkət hissəsinə daxil olubsa, artıq geriyə qayıtması təhlükəlidirsə, bu zaman yol polisi maşınları saxlada bilər.

Həmin piyadanın yolu təhlükəsiz keçməsi üçün şərait yarada bilər. Lakin saatda 90 km və daha yüksək sürət həddi olan yolda piyadalar üçün nəqliyyat vasitələrini saxlaya bilməz.

Bu hallarda sürücülər də mümkün qədər diqqətli olmalıdırlar. Sürücülər ara məsafəsi saxlamalıdırlar. Hər kəs elə ara məsafəsi seçməlidir ki, qarşıdakı qəfil dayanan zaman onunla toqquşmadan xilas ola bilsin”, – deyə Kamran Əliyev bildirib.

 

 

Mövzunu Facebookda şərh et