backend

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Bu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Dəniz Kuboku-2017” yarışlarının iştirakçılarına təbrik məktubunda deyilir.
Məktubda bildirilir ki, bu gün Azərbaycan yeni bir yarışa – möhtəşəm idman birinciliklərindən seçilməyən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu yarışların Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu missiya bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı müvəffəqiyyətlərin nəticəsində mümkün olub.
Vurğulanır ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədinə xidmət edir. “Dəniz Kuboku-2017” hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq.
Qeyd edilir ki, Xəzər dənizi tarixən sahillərində yaşayan xalqların ümumi sərvəti olub. “Dəniz Kuboku-2017” beynəlxalq yarışları da ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.
//Trend