backend

"Qarabağda müharibə qaçılmazdır" – Ermənilər təlaşdadırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla müharibə qaçılmaz məsələyə çevrilib. Hər şey, hər hadisə bizi addım-addım buna aparır.
Ermənistanın tanınmış siyasi analitiklərindən biri, politologiya elmləri doktoru Hayk Martirosyan 1İn-ə verdiyi müsaşibəsində belə deyib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar bir neçə ay, bir il və ya bir neçə il sonra başlana bilər.
“Dağlıq Qarabağda müharibənin yenidən alovlanmayacağını düşünən mütəxəssislərin Ermənistanda və ya dünyada qaldığını bilmirəm. Təbii ki, belələri yoxdur. Təbii ki, hər şey müharibəyə aparır, Azərbaycan da müharibəyə əla hazırlaşır. İllərdir ki, bunu deyirəm. Aprel ayındakı “dördgünlük müharibə” Azərbaycan üçün test oldu. Müəyyən mənada Azərbaycan bu testdən uğurla çıxdı, müəyyən mənada da problemlərini aşkarlaya bildi. Aprel döyüşlərindən sonra Azərbaycan hərb strategiyasını, texnikasını, yanaşma tərzini təkmilləşdirdi. Onlar savaşa hazırlaşırlar. Ermənistan rəhbərliyi də potensial hərbi əməliyyatlara, müharibəyə hazır olduğunu deyir, amma deyilənlərlə reallıq arasında çox böyük fərqlər var”, – H.Martirosyan söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində Ermənistan prezidenti Serj Sarkisyanın tutduğu mövqe problemin sülh yolu ilə həllini praktiki olaraq mümkünsüz edib.
Bu səbəbdən də, yəni Ermənistanın mövqelərindən dolayı, rəsmi Bakı danışıqların potensialının tükənməkdə olduğunu düşünür.
“Bəs yaxşı, belədirsə, Ermənistan niyə danışıqlar aparır? Axı Sarkisyan aqressiv, sərt ritorikalı siyasəti seçibsə, heç bir alternativ varianta imkan qoymayıb. Suala cavabı bilmirəm. Daha doğrusu, bilirəm, amma kədərli məsələdir.
Əgər kimsə qarşısına nəyisə məqsəd qoyubsa və ya ikinci, üçüncü dərəcəli subyektiv məqsədlərə can atırsa, baş verənlər ölkə, dövlət və xalq üçün heç bir halda müsbət hal sayılmaz.
Di gəl, Ermənistan rəhbərliyi elə hey bəyan edir ki, “Müharibəyə hazırıq!”
Ermənistanda insanlar, cəmiyyət, sanki, yuxudadır. Apreldən xeyli keçib və hamı yenə hesab edir ki, hər şey olduğu kimi qalacaq. Savaş isə uzaqda deyil. Müharibə bir neçə ay, bir il və ya bir neçə il sonra başlaya bilər. Dəqiq heç nə deyə bilmərəm. Amma dəqiq bildiyim odur ki, müharibənin olmayacağını ehtiva edən variantı birmənalı nəzərdən keçirmirəm. Müharibə başlasa, Ermənistanın vəziyyətinin necə olacağını təsəvvür etmək belə, istəmirəm”, – Hayk Martirosyan söyləyib.
H.Martirosyan əndişələrində haqlıdır.

Dağlıq Qarabağ münaqişəsinin çözüm yolları ilə bağlı Ermənistanda keçirilmiş son anonim rəy sorğusunun nəticələrinə görə, respondentlərin 36 faizi müharibədən çəkinmir. Rəyi soruşulanların 68 faizi isə tam əksinə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanmasını Ermənistan üçün böyük bəla sayırlar.
25-35 yaş arasında olan erməni respondentlərin 86 faizi “imkan düşən kimi Ermənistanı tərk etmək istərdim” söyləyib, sorğu iştirakçılarının 19 faizi isə Dağlıq Qarabağda müharibə başlarsa, hərbi əməliyyatlara qatılmamağa çalışacaqlarını deyiblər.