ADR rəsmisi müxalifətin 2018-ci il hədəflərini ələ saldı

02:30 | 2 Avqust, 2017

Ənənəvi müxalifətin bir sıra dairələrində ara-sıra 2018-ci ilə hazırlıq prosesinin getdiyi deyilsə də, bu kimi iddiaların sadəcə gündəmi zəbt etmək marağından qaynaqlandığını hesab etmək olar. Çünki hazırkı dövrə qədər heç bir seçkidə nəzərə çarpa biləcək uğurlara imza ata bilməyən və get-gedə köhnələn müxalifətin bundan sonra ictimai-siyasi dəstək qazanacağını heç bu düşərgədə olan insanlar da ciddi qəbul etmirlər. AXCP, Müsavat və s. bu kimi partiya “liderlərinin” müxtəlif toplantılar keçirib, 2018 planlarını dilə gətirmələri isə ələ salınır, məsxərəyə qoyulur. SİA bu dəfə ADR hərəkatının sədr müavini Səxavət Əlisoyun maraqdoğurucu fikirlərini oxucularına təqdim edir.
“Müxalifət seçkilərə məğlub olmaq üçün qatılacaq”
Misal üçün, vaxtilə Müsavatın sabiq başqanı İsa Qəmbərə müşavirlik etmiş, sonradan partiyadaxili narazılıqlara görə bir sıra müsavatçılarla birgə bu siyasi təşkilatdan istefa vermiş Səxavət Əlisoy bu dəfə Qubad İbadoğlunun lideri olduğu Azərbaycan Demokratiya və Rifah hərəkatının sədr müavini kimi maraqlı fikirləri ilə yadda qalıb. S.Əlisoya görə, aparılan hər bir oyun sadəcə, görüntü xarakteri daşıyır və burada nəyəsə inanmaq sadəcə sadəlöhvlük olardı. Bu səbəbdən, onun açıqlamasında ilginc nüansların olması diqqətçəicidir. “2018-ci ilin prezident seçkilərinə təbii ki, müxalifət qatılacaq”-deyə qeyd edən S.Əlisoy bu ifadəsinin sadəcə istehzadan ibarət olduğunu bildirib: “Müxalifət seçkilərə məğlub olmaq üçün qatılacaq. Mövcud durum bunu deməyə imkan verir”.
Əlbəttə, qənaətində haqlı olan ADR rəsmisi bir sıra amillərə toxunaraq fikirlərini belə izah edib ki, Rəsulzadə-Elçibəy yolunda olduqlarını bəyan edənlər onlar üçün önəmli günlərdə – 28 Mayda, M.Ə.Rəsulzadənin və Elçibəyin doğumu və vəfatı tarixlərində belə bir araya gəlmirsə, müxalifətin birləşməsi barədə düşünmək absurddur.
“Ayrı-ayrı fərdlərin bioqrafiyasına “prezidentliyə namizəd” yazılsın deyə seçkilərə qatılacaq”
Lakin ADR rəsmisinin digər fikirləri də diqqət çəkir. O, iddia edir ki, hətta seçkilərə qatılacaqları bəllin olan “liderlər” qalib gəlmək üçün deyil, sadəcə namizəd siyahısında adlarının yazılması üçün bu addıma gedəcəklər. SİTAT: “Səhv siyasi taktika və strategiya üzündən zəif durumda olan müxalifət ayrı-ayrı fərdlərin bioqrafiyasına “prezidentliyə namizəd” yazılsın deyə seçkilərə qatılacaq. Bir neçə populist də namizədliyini irəli sürərək, seçkilərə rəng qatacaq”.
Hətta 2018-ci ilin seçkilərində xalqın dəstəklədiyi iqtidarın namizədinin qalib gələcəyinə 100% əmin olduğunu bildirən S.Əlisoya görə, müxalifət davamlı, ardıcıl uduzmalara adət etdikləri üçün heç vaxt birləşmək amilini qəbul etməyiblər: “İqtidar namizədi böyük üstünlüklə qalib elan olunacaq. Bunu müxalif liderlər də gözəl bilir. Sadəcə, məğlubiyyətə vərdiş etdikləri üçün birləşmək haqqında düşünmürlər”.
Əlisoy təklif edib ki, Arif Hacılı, Əli Kərimli və s. “lider” timsalında olan şəxslər yekəxanalığı kənara qoymalıdırlar, əks halda…
Daha bir maraqlı nüans S.Əlisoyun düşərgə təmsilçilərinin nədənsə seçkilərə az müddət qalmış bloklar, birliklər formalaşdırdıqlarını xatırlatmasıdır. O, bununla demək istəyib ki, əgər onlar seçki prosesinə ciddi yanaşsaydılar, həmin blok və birlikləri seçkilərə bir neçə ay qalmış deyil, bir neçə il qalmış formalaşdırardılar. Onun “mümkündür ki, seçkiyə iki-üç ay qalmış hər hansı adla bir müxalif blok formalaşsın”-deyə irəli sürdüyü proqnozu da məhz bu məsələni ehtiva edir. Ona görə də həmin blok, yaxud da birliyin də heç bir uğur ldə edə bilməyəcəyini deyən Əlisoy təklif edib ki, Arif Hacılı, Əli Kərimli və s. “lider” timsalında olan şəxslər yekəxanalığı kənara qoymalıdırlar. Əks halda bu, onlar üçün sonuncu şans ola bilər: “2018-ci il seçkilərində uğur əldə etmək üçün təkəbbürü, yekəxanallığı bir kənara qoyub, ciddi bir blok yaratmaq lazımdır. Seçkiyə iki-üç ay qalmış yox, indi yaratmaq lazımdır. Mümkün olacaqmı? Şəxsən mən mövcud müxalifət liderlərinin bu addımı atacağına inanmıram”.
Görünən isə budur ki, ADR rəsmisi açıq-aşkar nə demək istədiyini açıqlayıb. O, ənənəvi müxaifətin 2018-ə ümid bağlamamalı olduqlarını bəri başdan elan edib.