backend

Daxili Qoşunların yaradılmasından 25 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların yaradılmasından 25 il ötür. Daxili Qoşunlar 1991-ci ildə ölkə Prezidetinin fərmanı ilə Daxili İşlər Nazirliyinin tərkibində yaradılıb. Hələ 1919-cu il mart ayının 27-də Daxili İşlər Nazirliyinin tərkibində olan Bakı şəhərinin 14 rayonunda əhalini hərbi xidmətlə tanış etmək, şəhərdə sabitlik və nizam-intizamın qorunub-saxlanması ilə fəaliyyətə başlayan “Könüllü yardım” alayı elə Daxili Qoşunların vəzifələrini icra edib.
Bu gün 25 illiyini qeyd edən Daxili Qoşunlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb. Belə ki, 1991-ci ilin dekabr ayında sabiq SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Ermənistanın hərbi təcavüzündən Azərbaycan torpaqlarını qorumaq uğrunda Azərbaycan Ordusu 1992-ci il martın 12-də döyüşə başlayıb. Həmin gün Daxili Qoşunlar müstəqil qoşun hissələri kimi tam döyüş hazırlığı ilə öz gücünə güvənərək Ağdam rayonunun Papravənd və Qalayçı kəndinin müdafiəsində dayanıb. Bu tarix 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə «Daxili Qoşunlar günü» elan edilib.
Qarabağ müharibəsi zamanı Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər şəhid olub, 268 əsgər itkin düşüb, 1166 nəfər isə yaralanıb. Müharibədə göstərdikləri qəhrəmanlığa görə Daxili Qoşunların 9 hərbi qulluqçusu (8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1738 nəfər isə müxtəlif dövlət mükafatı ilə təltif olunub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələrə yüksək diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda davamlı olaraq inkişaf prosesi gedir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi, general-leytenant Şahin Məmmədovun komandanlığı altında DQ-lar cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak etməklə yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrilib. Qoşunların bütün şəxsi heyəti Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edir. Tarix sübut edir ki, Azərbaycan xalqına, dövlətçiliyinə xidmət Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olmuşdur. Birmənalı şəkildə demək olar ki, Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və sabitliyin qorunmasında xüsusi xidmətləri var.
Ötən il qarşıya qoyulan əsas tapşırıqlardan olan Formula-1 Avropa Qran-prisi yarışı və 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi beynəlxalq tədbirlər zamanı hüquq-mühafizə orqanları ilə birlikdə Daxili Qoşunlar müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata keçirib. Bundan əvvəl də Azərbaycanda keçirilən “Eurovision” Beynəlxalq Musiqi yarışması, Avropa Oyunlarında zamanı, eyni zamanda radikal-ekstremist qrupların Bakının Nardaran kəndində reallaşdırmağa cəhd etdiyi təxribatçı fəaliyyət dönənimdə Daxili Qoşunlar vətənə və dövlətçiliyə yüksək xidmət və sədaqət nümunəsi göstərmişlər.
Daxili Qoşunlar yalnız qanunçuluğun,sabitliyin keşiyində durmaqla deyil, çoxsaylı sosial layihələrə verdiyi dəstəyə, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsindəki əvəzsiz xidmətlərinə görə, fərqlənir. Daxili Qoşunların Səbail rayon İcra Hakimiyyəti ilə birgə 12 ildir reallaşdırdığı və cəmiyyət tərəfindən böyük rəğbət görən “Şahinlər” düşərgəsi buna əyani sübutdur.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, görülmüş işlər Azərbaycan Prezidenti, Ali BaşKomandan İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir: “Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin və əmin-amanlığın, insan hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir”.
//Ziyalı Qadınlar Klubu