TBMM üzvü: “Azərbaycan və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir”

21:10 | 19 Fevral, 2020

“Azərbaycan və Türkiyə istəyir ki, Dağlıq Qarabağ münaqişəsi müharibə ilə deyil, sülh yolu ilə həll edilsin”.

Editor.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin məqsədi yalnız Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini reallaşdırmaqdır:

“Biz bunu gerçəkləşdirmək istəyirik. Azərbaycan Ordusu 24 saat ərzində öz torpaqlarını geri ala bilər. Bu, bir həqiqətdir, amma balanslaşdırılmış siyasət buna imkan vermir. İnanıram ki, bu işin sonu yaxşı olacaq”.

Ş.Ayrım qeyd edib ki, ermənilər Qarabağ torpaqlarını işğal ediblər və bütün beynəlxalq ictimaiyyətin əleyhinə gedərək həmin əraziləri işğaldan azad etmək istəmirlər: “Ermənilər Fransa, Amerika, Rusiyanın bəzi bölgələrindən Ermənistana göndərilən maddi dəstəklə özlərini ayaq üstə saxlayırlar. Əgər Ermənistan hakimiyyəti öz xalqını sevmiş olsaydı, işğaldan əl çəkərək Azərbaycan-Türkiyə arasındakı böyük layihələrin hamısında iştirak edərdi”.

Mövzunu Facebookda şərh et