Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb

17:17 | 24 Fevral, 2020

Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb. Canlı yayımlanan “Veçerniy Çerniqov” verilişində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə geniş məlumat verib.

Səfir SSRİ-nin süqutundan sonra Azərbaycanın ermənilər tərəfindən separatizmlə üz-üzə qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanın torpaqları işğal olunub. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirilib, nəticədə 613 nəfər, o cümlədən qocalar, uşaqlar və qadınlar amansızcasına qətlə yetirilib. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Diplomat bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir.

Diqqətə çatdırılıb ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımını törədənlərin layiqli cəzalarını alması tələb edilir.

Mövzunu Facebookda şərh et