“Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı” – Musa Qasımlı

15:01 | 26 Fevral, 2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı.

Editor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin münasibətləri ölkəmizin digər dövlətlərlə olan münasibətlərinə bənzəmir:

“Bizim münasibətlərin bir sıra özünəməxsusluqları var. Hər şeydən əvvəl Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim kökümüz birdir, tariximiz, dilimiz, mədəniyyətimiz, dinimiz eynidir. Bizim ölkələrin qarşılıqlı münasibətlərində çox parlaq səhifələr olub. Türkiyə bizim dövlət müstəqilliyimizi tanıyan ilk dövlətdir. Azərbaycan-Türkiyə münasibətlərinin real əsaslar üzərindən qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir şəraitdə qarşılıqlı münasibətlərin inkişafının baş memarları Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır”.

Deputat əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı əlaqələr məhz onların sayəsində strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində imzalanan sənədlər bir daha göstərir ki, qarşılıqlı münasibətlərin çox gözəl perspektivləri var.

M.Qasımlının fikrincə, 2023-cü ilədək iki ölkə arasındakı ticarətin dövriyyəsinin 15 milyard dollara çatdırılması, müdafiə, təhlükəsizlik, siyasi sahələrdə əməkdaşlığlın genişləndirilməsi qarşılıqlı münasibətlərimizin möhkəm təməllər üzərində qurulduğunu və bu əməkdaşlığın böyük potensialının olduğunu göstərir.

Milli.Az

Mövzunu Facebookda şərh et